Ədalətli, dəyişməz mövqeyimiz
Siyasət

Ədalətli, dəyişməz mövqeyimiz

Sülh danışıqları ilə bağlı ölkəmizin çağırışları aydın məntiqə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır

"Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib.

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşmasına, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır. Erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir. Üç il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, qalib ölkəmiz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyir.

"Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər", - deyən Prezident İlham Əliyev qeyd edir ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişi üçün əsas prinsip olmalıdır. Amma çox təəssüf ki, Ermənistan siyasi dairələri məsələyə tam yanlış tərəfdən baxırlar. Daha doğrusu, bu cür baxmağa məcburdurlar. Çünki rəsmi İrəvanın müstəqil xarici siyasəti yoxdur. Bu ölkənin xarici siyasətini ən yaxşı halda xarici güclər, pis halda isə erməni diasporu müəyyən edir. Ona görə də Ermənistanın siyasi rəhbərliyi əksər məsələlərdə müstəqil qərar vermək iqtidarında deyil. Əhali də dolanışıq üçün davamlı şəkildə Ermənistanı tərk edir. Lakin xarici güclərdən asılılıq heç cür imkan vermir ki, rəsmi İrəvan yanlış yoldan dönsün. Məhz buna görə də 10 noyabr Bəyanatından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Və bu gedişlə bu hadisənin yaxın zamanda baş verəcəyi də gözlənilmir.

Azərbaycan tərəfindən sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürülmüş təşəbbüslərə baxmayaraq, Ermənistan tərəfi prosesə maneçilik törədir. Ölkə rəsmilərinin Azərbaycanla sülh prosesində əməli addımlar atmaq əvəzinə əsassız və ziddiyyətli bəyanatlara üstünlük verməsi ənənəvi hal alıb. Hər zaman öz ziddiyyətli fikirləri ilə yadda qalan Ermənistanın baş naziri Nikol Paşinyan baza prinsipləri və sərhədlərin demarkasiyası üzrə iki ölkə arasında anlaşma olduğunu, Ermənistanın Azərbaycana ərazi iddialarının olmadığını bildirməklə yanaşı, ölkəmizin Ermənistana qarşı müharibəyə hazırlaşdığını bəyan edir.

Baş nazirin "Qərbi Azərbaycan İcması"nın nümayəndələrinin öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması istəyini və bu istiqamətdə apardıqları təbliğatı Ermənistana qarşı "təcavüzə hazırlıq" kimi qələmə verməsi tamamilə əsassızdır. Rəsmi Bakı müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırır.

Hayastanı öz maraqları baxımından qarşıdurmaya təhrik edən bəzi dövlətlər, xüsusilə də ABŞ və Fransa, həmçinin bu və digər ölkələrdə kök salmış erməni diasporu sülh prosesinə mane olurlar. Biri Ermənistanı silahlandırır, digəri Azərbaycanın ərazisi üzərində qeyri-qanuni dinləmələr keçirir, yaxud "Dağlıq Qarabağ" adlı həll olunmuş problem barədə danışmaqla aranı qatır. Bu dövlətlər Ermənistan-Azərbaycan münasibətlərində ədalətin zəfər çalmasını istəmir. Onlar Cənubi Qafqazda sülh yox, müharibə istəyir. Çünki sabitlik və davamlı inkişaf olan yerdə xarici güclərin sözü keçmir, onlara ehtiyac da qalmır. Ermənistan kimi dövlətlər isə bütün zamanlarda xarici güclərin əlində alət olub. Bu da ondan irəli gəlir ki, Ermənistan yoxdan var olub. Qədim türk dövlətlərinin torpaqlarında yaradılan bu erməni dövlətinin regionda hər zaman gərginlik yaratmaq, beynəlxalq güclərin maraqlarına xidmət etmək kimi bədnam və xəbis bir missiyası olub. Azərbaycan isə səbir və təmkinlə bu cür beynəlxalq hüquqazidd əməlləri ifşa edir, böyük-kiçikliyindən asılı olmayaraq yaxın qonşusuna və onun havadarlarına yerini göstərir. Azərbaycanın hər çağırışı dünyada sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edir.

Qərb dövlətləri isə revanşizm meyllərini bu və ya digər formada dəstəkləyərək yeni təxribatlara rəvac verir. Ona görə də kənar təşviqlər ermənilərə reallığı anlamağa imkan vermir, nəticədə İrəvan da, erməni xalqı da uçuruma doğru yuvarlanmaqdadır. Azərbaycanın növbəti sülh çağırışı Ermənistan siyasi dairələrini dərindən düşündürməlidir. Onlar Qərbin təzyiqləri qarşısında davam gətirməyib sülh sazişindən yayınmaqda israr etsələr, olan-qalan dövlətçiliklərini də itirə bilərlər. Həm də bu itkinin səbəbkarı elə ermənilərin özləri olacaqlar.

Mustafa KAMAL,

"Respublika".