“Ədalət” məfhumunun çoxqütblü nizamı
Siyasət

“Ədalət” məfhumunun çoxqütblü nizamı

İkinci Dünya müharibəsindən sonra bəşəriyyət öz yaralarını sarmağa başlamışdı. Qalib ölkələr müxtəlif hüquqi-texniki bazalar yaratmaq üçün çalışmış, keçmişdən çıxardıqları dərslər əsasında beynəlxalq ədalət prinsipini formalaşdırmağa başlamışdılar. Milyonlarla insanın ölümü ilə nəticələnən savaşlardan sonra qlobal güclərin ədalət müstəvisində bu kimi halların qarşısının alınması əsas hədəf olaraq müəyyənləşdirildi. Bunun üçün dövlətlərin ərazi bütövlüyünün qorunmasını, bir-birinin daxili işlərinə qarışmamağı, zor tətbiq etməməyi özünün əsas prinsipləri kimi qələmə verən Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Lakin söhbət XX əsrin keşməkeşli dövründən gedir. İndi isə yeni əsrin ortalarına yaxınlaşırıq.

Əfsuslar olsun ki, qeyd edilən zaman kəsiyi çərçivəsində effektiv və həlledici rola malik olan qlobal güclər yeni dövrdə bu nəticəni göstərə bilmir. Zaman irəlilədikcə dövrün harayı ilə səsləşmək yerinə özlərinin şəxsi mənafeyini düşünən BMT-nin daimi üzvləri bu müddət ərzində islahatlara yer verməyərək qlobal əhəmiyyətli bir təşkilatın nüfuzuna əsaslı zərbə vurur. Halbuki, bəşəriyyətə sülh və əmin-amanlığı təlqin etməli olanlar bu gün özləri qeyd edilən müddəaları pozur, ədalət prinsipini nəzərə almırlar.

Qlobal sabitliyin əldə edilməsi üçün beynəlxalq nizam formalaşdırılmalıdır. Beynəlxalq nizam isə qlobal güclər tərəfindən, xarici və daxili siyasətdə digər dövlətlərə örnək ola biləcək qüvvələr vasitəsilə reallığa çevrilir.

BMT-nin fəaliyyətinin təhlili göstərir ki, dövrün əsas problemlərinə qarşı qurum 5 daimi üzvün maraqları əsasında qərar verir. Belə ki, sözügedən 5 qlobal güc (Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Fransa) veto hüququna malikdir və hər hansı dövlətdən biri mövcud qlobal məsələyə yox cavabı verərsə, məsələ gündəlikdən götürülür. Digər tərəfdən, bu dövlətlər özlərinin mənafeyinə uyğun gəldikdə dərhal yerinə yetirilməli qərarlar qəbul olunması üçün müsbət cavab verirlər. Yəni buradakı məsələ hər hansısa qlobal əhəmiyyətli bir problemin həlli istiqamətində səy göstərmək deyil. Sadəcə 5 dövlət və onların "doğruları" məsələni həll edir. Ölkə başçımızın iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı səsləndirdiyi fikirlər də məhz bu baxımdan əhəmiyyətlidir: "Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır".

Məsələ təkcə Cənubi Qafqaz regionu deyil. Mərkəzi Asiya, Yaxın Şərq, Avropada da bu kimi problemlər mövcuddur və qlobal güclər həlledici mövqedə deyillər. Bu çərçivədə gələcək perspektivdə hər hansı obyektiv yanaşmanın sərgilənməsi mümkün görünmür. Xüsusən də 5 daimi üzvdən birinin Fransa olduğunu nəzərə alsaq, onun mötəbər bir platformada qərəzsiz iştirak edə biləcəyini düşünmək belə mümkün deyil. Digər tərəfdən, ABŞ-ın Corc Sorosun əli ilə Cənubi Qafqazda nəzarəti ələ alma cəhdləri məlumdur. Əlavə olaraq Rusiya-Ukrayna müharibəsi də şimal qonşumuzun məsələlərə təsir etmək qabiliyyətini olduqca azaltmışdır.

Məhz bu səbəbdəndir ki, 30 ilə yaxın bir dövr ərzində Ermənistanın işğal altında saxladığı ərazilərimizin dərhal, qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin 4 qətnaməsi icra edilmədi. Çünki Ermənistan ona təzyiq göstərəcək ünsürlərin olmadığını bilirdi. Belə də oldu. Bu müddət ərzində qlobal güclər qətnamələrin icra edilməsi üçün hər hansı bir təzyiq göstərmədi, əksinə Ermənistanın silahlanması və yeni müharibələr üçün ruhlandırılması prosesini gördük. Bu gün yenidən Ermənistan tərəfindən keçmiş Minsk qrupunun dirçəldilmə cəhdləri də buna xidmət edir. Haylar da yaxşı anlayır ki, qeyri-obyektiv yanaşmalar, onlara havadarlıq edən dövlətlər məhz bu qurumun çətiri altında ona yardım göstərə bilərlər. Ermənistanın bu cür mövqe sərgiləməsinə yaradılan şəraitin əsas səbəblərindən biri də BMT-nin artıq şəxsi mənafeyə xidmət göstərən qurum kimi formalaşmasıdır. Qanunların işləmədiyi beynəlxalq təşkilatların Ermənistana loyal münasibəti, ölkəmizə qarşı ənənəvi təxribatları, təsir və təzyiqləri məhz bu qəbildəndir.

Görünən odur ki, ideoloji qarşıdurma dövrünün təsir formaları hələ də dəyişməyib, burada əsas məsələ beynəlxalq hüquq deyil, geosiyasi maraqlardır. Lakin indiki vəziyyətdə regional liderliyi əlində saxlayan Azərbaycan qalib tərəfdir və tapdalanmış ədaləti bərpa etmək qüdrətindədir. BMT-nin kağız üzərində qalan qətnamələrini 44 günlük Vətən müharibəsi nəticəsində icra edən BMT yox, məhz qüdrətli Azərbaycan olmuşdur.

Qeyd etmək lazımdır ki, hazırkı dünya nizamı keçid dövrünü yaşayır. Belə ki, XX əsrin ortalarında qurulan nizam öz yerini çoxqütblü dövrə ötürüb. Yeni nizam yeni qaydaları özü ilə bərabər gətirir. Artıq dünyada güc amili ön plandadır. İcraedici qüvvə olmaq və buna paralel ədalətli mövqe sərgiləmək yalnız siyasi-iqtisadi gücü əlində cəmləyən dövlətlərə xasdır. Belə olduğu halda, "ədalət qoruyucularının" dar prizması heç bir beynəlxalq əhəmiyyətli məsələyə adekvat yanaşma sərgiləmə iqtidarında ola bilməz.

Nurlan ABDALOV,

 "Respublika".