Əbədi dostluğun “Yaşıl təcəssümü”
Region

Əbədi dostluğun “Yaşıl təcəssümü”

Cəbrayıl rayonu ərazisində Türkiyə-Azərbaycan  “Qardaşlıq Meşəsi” salınır

Qəzetimizin ötən saylarında  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Ekoloji məsələlər üzrə" İşçi Qrupu barədə məlumat vermişdik.

Məlumatda göstərilirdi ki, İşçi Qrupunun iclasında Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəlikləri, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar nazirlikləri, Qarabağ Dirçəliş Fondunun və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

 Qrup üzvləri ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan araşdırmalar  haqqında müəyyən məlumatlar əldə ediblər. İşğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər müzakirə olunub. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq "Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi"nin, "Təlim-tədris mərkəzi"nin və "Tinglik sahəsi"nin yaradılması istiqamətində işlərə başlanılıb.

Türkiyə-Azərbaycan dostluğu gündən-günə daha da möhkəmlənir.   Salınmaqda olan “Qardaşlıq Meşəsi” bu dostluğun yaşıl təcəssümüdür.

Tofiq HÜSEYN,

“Respublika”.