Düşmənin xəbis iddiaları heç bir əhəmiyyət kəsb etmir
Digər xəbərlər

Düşmənin xəbis iddiaları heç bir əhəmiyyət kəsb etmir

"Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!". Bu fikirləri 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan  münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirən Azərbaycan Prezidenti İlham Əliyev eyni fikri bundan bir neçə il əvvəl, 2016-cı il aprelin 12-də keçirilən ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə də səsləndirib: "Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpaqlarında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın".

Azərbaycanın strateji baxışları keçmişin, bu günün və gələcəyin reallıqlarını çox aydın şəkildə təhlil etməyə imkan yaradır. Dünya informasiya məkanında Azərbaycan həqiqətləri yeni səhifələr açmaqla təkcə bu günün deyil, keçmiş tarixin də izahını verir. Elə vaxtilə "Artsax müstəqil dövlətdir" kimi dünyanı aldatmağa yönələn cəfəng fikirlərin alt-üst edilməsi də tarixi yaddaşın həqiqətlərinin üzə çıxarılmasına xidmət etmişdir. Məhz bu addım tarixi faktların dili ilə sübut olunaraq əsl həqiqətin harada olduğunu dünyaya çatdırdı.

Azərbaycanın qarşıya qoyduğu ədalətli və ağıllı bir siyasətlə dünyada ikinci erməni dövlətinin yaradılmasına dair absurd ideologiyanın bəşəriyyətin taleyində hansı fəsadlara gətirib çıxara biləcəyi dünyaya xatırladıldı. Keçmiş Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub fikrini əsaslandırarkən dövlətimiz otuz il davam edən danışıqlar prosesinin heç bir nəticə verməməsinin də ən böyük səbəbi kimi dünyanın məsələlərə birtərəfli yanaşmasını göstərib. Erməni tərəfinin bölgə üçün yersiz və təhlükəli bəyanatları onların əsassız iddialarını faktiki olaraq "dəmir yumruğ"a məhkum edirdi.

Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" deməsi və digər motivli sərsəmləmələri də onları faciəvi sonluqla üz-üzə qoydu. Bu, onu göstərdi ki, tarixə ləkə vuran, xalqların hüquqlarını tapdalamaq yolu tutan, özgəsinin ərazisində qurama dövlət yaratmaq istəyən istənilən cəhdin Azərbaycan üçün anlamı yoxdur. Azərbaycan xalqının iradəsini ifadə edən siyasət isə ikinci erməni dövləti qurmaq məsələsi ətrafında müzakirəyə yer qoymur.

Vətən müharibəsinədək Azərbaycanın sülhməramlı missiyasını heç bir dövlət inkar edə bilməzdi. Ona görə ki, Azərbaycan 30 ilə yaxın bir tarixdə yalnız çox sadə və ədalətli mövqedən çıxış etmişdir: erməni işğalçıları Azərbaycan torpaqlarından çıxmalıdır. Bu sadə həqiqət isə dərk edilmir və böyük fəlakətlərə gətirib çıxarırdı. Əslində, Türkiyə və Pakistan istisna olmaqla dünyanın heç bir ölkəsi erməniləri bu yoldan çəkindirmək üçün dəstək göstərmədi. Əksinə, bir çox maraqlı qüvvələr ermənilərə boş vədlər verməklə onları daha da şirnikləndirirdilər.

Azərbaycanın missiyası həmişə sülh olub. Bunu artıq bütün dünya bilir. Məğlub ölkəyə müharibə bitəndən bir qədər sonra edilən sülh təklifi də bunu göstərir. Ölkəmizin sülh danışıqlarına üstünlük verməsi, bu istiqamətdə real addımlar atması da iki ölkə arasında münasibətlərin sülh yolu ilə normallaşdırılması istəyindən irəli gəlir.

Hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını və yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. Belə bir şəraitdə isə postmüharibə dövrünün problemləri mərhələ-mərhələ həll edilir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bu vəziyyətdə aparıcı dövlət və beynəlxalq təşkilatlar üçün də vacib mövzudur. Ölkəmiz tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Bu istiqamətdə müxtəlif formatlarda görüşlər keçirilir. Təəssüf ki, bu görüşlər hələ istənilən nəticəni vermir. Bunun da əsas səbəbi Ermənistanın qeyri-konstruktiv münasibətidir. Danışıqlarda özünü sülhün tərəfdarı kimi göstərən Ermənistan tərəfi, eyni zamanda terrorçuluq əməlindən əl çəkmir. Bu səbəbdən, dəfələrlə burnu ovulan Ermənistan öz havadarlarının şirin vədlərinə aldanaraq sülh yolunu tutmur. Qarabağdan öz silahlı qüvvələrini geri çəkmir, bununla da bölgədə qarşıdurmalar yaradır. Azərbaycan antiterror əməliyyatları keçirmək məcburiyyətində qalır.

Ermənistan, nəhayət daşı ətəyindən töküb fikirləşməlidir: bəlkə ikinci dövlətini ona "bacı", "qardaş" deyən dövlətlərin ərazisində qursun? Bax, onda hər şey suyun üzünə çıxar.

Zümrüd QURBANQIZI,

"Respublika".