Dünyaya nümunə uğurlu model
Sosial həyat

Dünyaya nümunə uğurlu model

Gənclik bir millətin təməl daşıdır. Onların milli ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərimiz əsasında inkişaf etməsi dövlətimizin və dövlətçiliyin prioritet istiqamətlərindəndir. Məhz sağlam dövlətin təməllərini də vətənpərvər gənclər təşkil edir. Bu, sadəcə silahlı qüvvələrin tərkib hissəsi olmaqla deyil, vətənə sadiqlik nümənəsi göstərməklə, onu sevməklə bağlıdır. Qeyd edək ki, müstəqilliyin daha da möhkəmləndirilməsi və onun etibarlı təminatı gəncliyin aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Ümumiyyətlə, bu proses istiqamətində hazırlanan yol xəritəsi milli şüur və vətənpərvərlik ideyalarına xidmət etməli, ölkəmizdə gənclərimizin uğurlu inkişafı təmin edilməlidir. Bununla yanaşı, gənclərin milli mənlik şüurunun formalaşdırılması, əqidə bütövlüyü dövlət siyasətində əsas məsələ kimi müəyyən edilmişdir. Gənclərin bu ruhda böyüməsi üçün cəmiyyət zəmin yaratmalıdır. Xüsusən, elm və təhsil müəssisələri ilə əlaqəli şəkildə çalışan vətəndaş cəmiyyətlərinin fəaliyyəti gənclər siyasətinin tərkib hissəsidir. Potensial güc olan gənclərə dəstək, onlar arasında vətənpərvərlik ruhunun artırılması gələcəyin təminatıdır.

Azərbaycanda dövlət gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclər siyasətinə olduqca böyük əhəmiyyət vermişdir. Ulu öndərin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aydın müşahidə olunurdu. XX əsrin 70-ci illərində məhz ümummilli liderin təşəbbüsü nəticəsində 15 mindən çox azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışdır. Sözügedən proses ölkəmizdə müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də dövlətin diqqət mərkəzində olmuşdur. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Gənclər siyasəti ilə bağlı fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.

Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən isə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.

Azərbaycanda taleyüklü bir zamanda ulu öndərin liderliyi ilə gənclər siyasəti reallaşdırılmışdır. Azərbaycan reallıqlarına nəzər salsaq, görərik ki, cəmi 6 yaşı olan bir dövlətdə, müstəqil həyata adaptasiyanın yeni başladığı bir dövrdə bunu mümkün etmək xüsusi effort tələb edirdi. Birinci Qarabağ müharibəsindən cəmi üç il keçmişdi, bütün sahələrdə əsaslı işlər görülürdü. Keçmiş səriştəsiz hakimiyyət bildirirdi ki, Azərbaycanın qarşısında duran əsas məsələ gənclər siyasəti ola bilməz. Lakin ulu öndər bir daha bu fikirlərin əsassız olduğunu sübut etdi. O, məhz gənclərə üz tutdu, onları gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atdı.

Azərbaycan gəncliyinin inkişaf yolu bu gün Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə daha da stimullaşır. Məhz ölkə başçımızın müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsi dinamik inkişaf edən qüdrətli dövlətimizin yeni üfüqlərini müəyyən edir. Cənab İlham Əliyevin gənclər siyasətinə verdiyi töhfələr Azərbaycanın bundan sonrakı ictimai həyatını daha da təkmilləşdirəcək. Keçmişə nəzər salsaq, görərik ki, hələ respublikaya rəhbərliyinin ilk illərindən ölkə başçımızın bu xüsusda gördüyü işlər müasir dövrümüzdə sağlam gənc nəslin formalaşması üçün əsaslı fundamentdir. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Bununla yanaşı, dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir. 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamlar gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmağa, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Prezident İlham Əliyev deyib: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın...". Vətən müharibəsində bunun daha yaxşı şahidi olduq. 44 günlük Vətən müharibəsində, xüsusilə, gənclərimizin şücaəti Azərbaycan gəncinin hansı ruhda və tərbiyədə böyüdüyünü bir daha sübut etdi. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində gənclərin milli-mənəvi baxımdan hansı səviyyədə olmasını gördük. Bugünkü gənclər Azərbaycanı sevən, torpağına, millətinə bağlı, dövlət başçısının həyata keçirdiyi ideologiyaya sadiqliyi nümayiş etdirən nəslin nümayəndələri kimi tutduqları mövqe ilə respublikamızın gələcək uğurlarının təminatçısıdırlar. Bu gün gənc nəsil Azərbaycanın taleyüklü məsələlərində böyük rol oynayır, xüsusilə, Vətən müharibəsində şəhid olanların, qazilərin və bütünlükdə müharibə iştirakçılarının əksəriyyətinin Qarabağı görməyən, ora səfər etməmiş gənclərin olması bunu sübut edir.

Nurlan ABDALOV,

"Respublika".