Laçın şəhərinə daha 89 nəfər yola salındı
Sosial həyat

Laçın şəhərinə daha 89 nəfər yola salındı

"Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun…". Bu sözləri 28 May - Müstəqillik Günündə  Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə deyib.

Keçmiş məcburi köçkünlərimizin 30 il əvvəl çəkdiyi iztirablar artıq sevinc hissi ilə əvəz olunur. 1992-ci ildə erməni zülmündən canlarını xilas etmək üçün öz doğma torpaqlarından didərgin düşmüş laçınlılar artıq hissə-hissə el-obalarına geri dönürlər.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra qısa zaman ərzində həmvətənlilərimizin el-obalarına geri qaytarılması dünyanın dörd bir yanında böyük təəccüblə qarşılanır. Çünki müharibənin başa çatması ilə dərhal yenidənqurma işlərinə başlamaq hər ölkənin altından belə rahatlıqla çıxa biləcəyi iş deyil. Adətən müharibə aparan ölkələr hələ uzun müddət onun təsirindən çıxmağa çalışır. Amma dövlət başçısının möhkəm siyasi iradəsi, ölkəmizin iqtisadi-siyasi müstəqilliyə malik olması qarşıya çıxan hər bir çətinliyi  aradan qaldırmağa imkan verir.

Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Zəngilan rayonunun Ağalı kəndi və Tərtər rayonunun Talış kəndindən sonra artıq Laçın da doğma sakinlərinin bir qisminə qucaq açıb. İyulun 25-də Laçın şəhərinə 8-ci mərhələdə daha 19 məcburi köçkün ailəsi yola düşüb. Vətənə qayıdışın böyük sevincini yaşayan laçınlılar erməni tapdağı altında olan torpaqları tez bir zamanda  işğaldan azad edərək onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirirlər. Böyük Qayıdışı təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Vətəndaşlarımızın yaşayacağı mənzillər modern üslubda tikilərək müasir standartlara cavab verir və ən son texnologiyalar əsasında inşa edilir.

Xatırladaq ki, ilk dəfə 28 May - Müstəqillik Günündə Laçına 20 ailə yerləşdirilib. Həmin gün dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən Prezident İlham Əliyev həmin günün ikiqat bayram olduğunu bildirərək Laçın şəhərinin sakinlərini uzun fasilədən sonra öz doğma şəhərinə qayıtmaları  münasibətilə təbrik edib. Ölkə başçısı qeyd edib ki, bu görüşün məhz 28 May tarixində təşkil olunmağının böyük rəmzi mənası var: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir…".

Laçın şəhəri üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq işğalçılardan geri alındıqdan sonra bütövlükdə 7-8 ay ərzində şəhərdə 700 bina inşa edilib. Bu da 764 ailənin Laçın şəhərində yaşaya biləcəyi anlamına gəlir. Vətəndaşlarımızın məşğulluq problemi  nəzərə  alınaraq onlarla müəssisənin yaradılması planlaşdırılıb və Aqro və Sənaye Parkı yaradılmaqdadır. O cümlədən 1100-dən çox iş yeri yaradılacaq ki, bu da vətəndaşların burada həm yaşaması, həm də işləməsi üçün şəraiti təmin edəcək. Şəhərdə yeni tədris ilinə kimi məktəb də hazır olacaq. Bununla yanaşı, uşaq bağçası, xəstəxana və digər sosial obyektlər də inşa edilir. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.

Musa BAĞIRLI,

"Respublika".