Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir
Gündəm

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində səsləndirdiyi fikirlər beynəlxalq KİV-lərin diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi, "DİGİ 24" telekanalı və nəşri, "ANTENA 3", "Realitatea TV" telekanalları, "Jurnalul" qəzeti, "MediaFax" xəbər agentliyi, "Veridica" və "Ziare Live" portallarında, eyni zamanda, Yunanıstanın "Protothema", "Arouraios", "Karfitsa", "Thestival", "Primenews" kimi xəbər agentlikləri, qəzetləri, saytlarında, ERT telekanalında və digər elektron nəşrlərində dövlətimizin başçısının müraciətində səsləndirdiyi fikirlər oxucuların diqqətinə çatdırılıb. İnformasiyalarda Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri diqqət mərkəzində saxlanılıb.

"Digi 24" telekanalının və nəşrinin yaydığı xəbərlərdə qeyd edilib ki, Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail olub. Bildirilib ki, Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb.

AGERPRES milli xəbər agentliyi qeyd edib ki, Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Xəbər agentliyi Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki, terrorçular onların təxribatlarına layiqli cavab veriləcəyini bir daha anladılar. Azərbaycan Prezidentinin xalqa müraciətinin videosu agentliyinin saytında yerləşdirilib.

"MediaFax" xəbər agentliyi Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətindən əsas məqamlara yer ayırıb. Azərbaycanın Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən mina terrorundan sonra dərhal lazımi addımlar atdığını, düşməni layiqincə cəzalandırdığı oxucuların diqqətinə çatdırılıb.

"Ziare Live", "Jurnalul" qəzetlərində Azərbaycanın Qarabağda öz suverenliyini tam şəkildə təmin etməsi, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməniəsilli sakinləri arasında aparılan danışıqlar barədə xəbərlər yerləşdirilib.

Yunanıstanın "Karfitsa", "Protothema" nəşrləri Prezident İlham Əliyevin müraciətində Azərbaycanın Ermənistana lazımi cavab verməsi barədə fikri xüsusi vurğulanıb. Dövlətimizin başçısının çıxışında Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığını qeyd etdiyi bildirilib.

ERT televiziya kanalı, "Thestival", "Primenews", "Arouraios" nəşrlərində isə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinin başladığını, o cümlədən onların Azərbaycanın şərtini qəbul edərək silahları təhvil verdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısının xalqa müraciəti və söylədiyi fikirlər Ukraynanın nüfuzlu KİV-lərində də geniş işıqlandırılıb.

"Ukrinforum", "UNİAN", "Qordon", "Korespondent", "Obozrevatel", "Fakti", "Yevropeyskaya Pravda", "Ukraynskaya Pravda", "Azadlıq" radiosunun Ukrayna Redaksiyası, "İnformator", "New Voice", "Suspilne Novini", "Deutsche Welle"nin Ukrayna Redaksiyası, "Liqa" informasiya agentlikləri və xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Ukrayna, rus və ingilis dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin "Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi" fikri xüsusi olaraq vurğulanıb. İnformasiyalarda Azərbaycan Prezidentinin müraciətindəki digər fikirləri də yer alıb.

Moldovanın nüfuzlu KİV-ləri də Azərbaycan Prezidentinin xalqa müraciətinə geniş yer verib.

Belə ki, "AVA", "Timpul", "Jurnal", "Point" və digər xəbər portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri rus və rumın dillərində çatdırılıb.

Məqalələr Prezident İlham Əliyevin "Azərbaycan Qarabağda antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etdi" fikri xüsusi olaraq vurğulanıb.

"Reuters" agentliyində yayımlanan məqalədə Azərbaycanın həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin erməni separatçı qüvvələrini təslim olmağa məcbur etdiyini və bundan sonra tədbirlərin dayandırıldığı qeyd edilib. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinə də yer verilib və dövlətimizin başçısının fikirlərindən iqtibas gətirilərək, təxminən 24 saat davam edən tədbirlərdən sonra Azərbaycanın "dəmir yumruq"la suverenliyini bərpa etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılacağı və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanacağı da qeyd olunub.

CNN-in mövzuya dair yayımladığı məqalədə ildırım sürətli antiterror tədbirlərinin ardınca Azərbaycanın separatçı qüvvələri təslim olmağa vadar etdiyi bildirilir. Qeyd edilib ki, hərbi fəaliyyət dayandırıldıqdan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını müzakirə etmək üçün erməni sakinlərin təmsilçiləri ilə müzakirələrə başlanılıb və ilk təmas artıq baş tutub.

Azərbaycan Prezidentinin xalqa müraciətinə də CNN tərəfindən xüsusi diqqət göstərilib. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa müraciətində "düşməni layiqincə cəzalandırdığını" və rəsmi Bakının öz suverenliyini "dəmir yumruq"la bərpa etdiyini bildirib: "...uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir... Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"

Məqalədə, həmçinin İkinci Qarabağ müharibəsi və ondan sonra regionda gedən proseslər və hazırkı gərginliyədək baş verən hadisələrdən bəhs edilib.

BBC-nin yaydığı xəbərdə də son günlərdə Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr ön planda dayanır. Qeyd edilib ki, Azərbaycan Prezidenti separatçı qüvvələrə qarşı həyata keçirilən 24 saatlıq antiterror tədbirlərindən sonra ölkəsinin Qarabağ üzərində suverenliyini bərpa etdiyini bəyan edib. Bundan öncə isə Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması və qanunsuz rejimin ləğv edilməsini tələb edərək antiterror tədbirləri həyata keçirib.

"Independent" nəşrinin yaydığı xəbərdə isə Azərbaycan dövlətinin başçısının antiterror tədbirlərinin Qarabağdakı erməni sakinlərə qarşı deyil, yalnız kriminal separatçılara və onların rəhbərliyinə qarşı aparıldığı fikri əks olunub.

"France24" tərəfindən yayımlanan məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə diqqət ayrılıb. Bir müddət əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan Paşinyanın Ermənistan ordusunun döyüşlərə cəlb olunmayacağını elan etməsi diqqətə çatdırılıb. Onun rəhbərlik etdiyi hökumətin Qarabağda yerli ermənilərlə aparılan danışıqlarda iştirak etmədiyi, lakin separatçı qurumun verdiyi qərarları "qeydə aldığı" barədə fikirləri diqqətə çatdırılıb. Həmçinin Qarabağda cərəyan edən son hadisələrin Ermənistanda siyasi təlatüm yaratdığı və paytaxt İrəvanda etiraz aksiyalarının keçirildiyi vurğulanıb.

"Tasnimnews" da separatçıların təslim olmasından sonra Ermənistanda etirazların geniş vüsət almasından yazır. Məqalədə müxalifət qüvvələrinin hökuməti separatçılara dəstək göstərməməkdə ittiham etməsi, hökumətyönlü etirazçıların isə günahı başqa istiqamətdə axtardığından bəhs olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın erməni sakinləri üçün tarixi şansın yaranmasından bəhs edərkən Ermənistan hökumətinin gözlənilmədən siyasi səriştə göstərməsi barədə fikirlərinə də toxunulub: "...biz bunu qiymətləndiririk. ...dünən və bu gün baş vermiş hadisələr, eyni zamanda, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcəkdir".

İtaliyanın kütləvi informasiya vasitələri də Prezident İlham Əliyevin xalqa müraciətini və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini diqqət mərkəzində saxlayıb.

Bu ölkənin "insideover.com", "quotidiano.net", "ilmanifesto.it", "ilfattoquotidiano.it", "lagazzettadelmezzogiorno.it", "ilpost", "unita.it" kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müraciəti zamanı lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşıda duran bütün vəzifələrin yerinə yetirildiyini, terrorçuların cəzalandırıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini vurğuladığı qeyd olunub.

Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgəyaşayış məsələsi müzakirə olunub, Azərbaycan Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

Yazılarda, həmçinin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək çıxarılması, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur etdiyi qeyd olunub. Sentyabrın 20-də saat 13:00 radələrində isə antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdiyi bildirilib.

Xəbərlərdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəklədiklərini, Qarabağın Azərbaycan torpağı olduğunu vurğuladığı da xatırladılıb.