Rəşadət və qürur  səhifəsi
Gündəm

Rəşadət və qürur  səhifəsi

Bu gün Zəngilan Şəhəri Günüdür

Həmin günlərdə torpaqlarımızın azad olunması xəbərlərini eşidəndə qürurlanır, bu Vətənin övladı olmağımızla fəxr edirdik. Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmirdi. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Oktyabrın 20-də bütün Azərbaycan xoş xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmurdu...

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. Birincisi, Zəngilanın azad olunması 132 km Azərbaycan-İran sərhədinin bərpası demək idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanıb və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınıb. İkincisi, Qubadlı qısa zamanda azad olunub. Üçüncüsü, Zəngəzur bölgəsi nəzarətə götürülüb. Dördüncüsü, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazanılıb. Zəngilanın azad olunmasını Qarabağın taleyinin həll edilməsi kimi dəyərləndirirlər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısı alınıb. Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi ərzaq yüklərinin qarşısını alıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunublar.

Zəngilan rayonu Qarabağın cənubunda, İran ilə sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri var. Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Ərazisinə bir şəhər, bir qəsəbə, 83 kənd daxildir. İşğal ərəfəsində rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Tarixçilərin rəyinə istinad etsək, Zəngilan sözünün mənşəyini rayon inzibati ərazi vahidi kimi formalaşanadək mərkəz funksiyasını yerinə yetirmiş "kənd Zəngilan"ın tarixində axtarmaq lazımdır. Daimi axarı olan Oxçu çayının kənarında qərarlaşan kənd münbit torpaqlarda yerləşir. Yaşlı sakinlərin dediklərinə görə, Oxçuçayın suyunu mənfur qonşularımız mis-molibden mədənlərinin, Qacaran, Qafan şəhərlərinin çirkab tullantılarının lil qatı ilə çirkləndiriblər. Keçmişdə çay balıqla zəngin olmuş, bağlar, əkinlər məhsuldarlığı ilə diqqət cəlb etmişdir. Odur ki, qədim İpək Yolunun üzərində yerləşən bu kəndi zəngin "alan" kimi adlandırmışlar. "Alan" hazırda da işlədilən türk sözüdür. Mənası "ərazi", "sahə" deməkdir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə "ağıllı kənd" layihəsi icra olunur. Hazırda Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava Limanı digər nəqliyyat infrastrukturları ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. Bu gün 20 oktyabr - "Zəngilan Şəhəri Günü" ilk dəfə el şənliyi ilə qeyd olunur.

Mustafa KAMAL,

"Respublika".