Dünya elə köhnə dünyadır
Digər xəbərlər

Dünya elə köhnə dünyadır

İkili standartlar davam etdikcə ədalət öz yerini tapmayacaq

İkili standartlar... qədər ki, bu yanaşma var, ədalət öz yerini tapmayacaq. Dünya isə bu gün ədalətli olmaqdansa, ikili mövqe nümayiş etdirməyə daha çox meyillidir. 30 illik Qarabağ münaqişəsi dövründə biz bunun çox şahidi olmuşuq. Elə postmünaqişə dövründə bu yanaşmanın əziyyətini çəkirik.

İşğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda ikitərəfli formatda apardığımız danışıqlar əsnasında ölkəmizin ərazi bütövlüyü prinsipinin qəbul edilən bəyannamələrə çətinliklə salındığından danışan dövlət başçısı demişdir: "Bir çoxları imtina edirdi. Halbuki, bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik bax, budur. Biz bunu bu gün görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə məşhur  "Bayraktar" dronlardan istifadə edəndə xarici ekspertlər mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur...".

Bəli, 44 günlük Vətən müharibəsi dövründə bir sıra xarici media resursları "Bayraktar"ları "qatil dronlar" kimi təqdim edirdilər, çünki Azərbaycanın bu silahdan səmərəli istifadə etməsi bəlli dairələri narahat edirdi. O vaxt hətta bir neçə Kanada şirkəti Türkiyə müdafiə sənayesi ilə əməkdaşlığı dayandırdı. O cümlədən dünyadakı bir sıra silah şirkətləri bu məsələ ətrafında süni ajiotaj yaratmağa çalışdı. Ancaq Ukraynanın "Bayraktar"lardan istifadə etməsinə həmin qurumlar fərqli mövqedən yanaşdılar. Bunu xilas yolu kimi təqdim etdilər. Bəs Azərbaycan da bu dronlardan istifadə edərək ərazilərini işğaldan azad etmirdimi?

Bir ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsi hələ ki, həllini tapmır. Tərəflər bir-birini ittiham etməkdədirlər. Müharibə isə davam edir, kəndlər, qəsəbələr, şəhərlər dağıdılır, insanlar həlak olur. Hərbi əməliyyatlar nəticəsində bu günlərdə daha bir faciə yaşanıb. Belə ki, iyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndlərindən biri partladılıb. Baş verən faciəyə görə yenə hər iki tərəf bir-birini ittiham edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə birmənalı şəkildə partlayışa görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib. ABŞ başqa ölkələrin aidiyyəti qurumları partlayışla bağlı araşdırma aparırlar. Beynəlxalq ictimaiyyət SES-in partladılmasını ekoloji  faciə adlandırıb.

Partlayış nəticəsində 7 insan itkin düşüb, minlərlə vəhşi heyvan tələf olub, bir sıra yaşayış binası sosial obyektlər dağılıb. Birləşmiş Millətlər Təşkilatı baş katibinin humanitar yardım fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits SES-in müharibə başlayandan indiyədək dağıdılan ən əhəmiyyətli mülki  obyekt olduğunu deyib. Bəli, müharibə, qarşıdurma zamanı mülki obyektlərin, mülki insanların hədəf seçilməsi beynəlxalq hüquqa görə hərbi cinayətdir. Bu, yolverilməzdir. Ancaq məsələnin başqa bir tərəfi var. Görəsən, Ermənistanın Azərbaycana təcavüzü ötən 30 il müddətində bir kimsəni narahat etmişdimi? 10 min kvadratkilometr  ərazinin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, yurd-yuvasından qovulması bu qədərmi əhəmiyyətsiz görünürdü onlara? Hələ bu azmış kimi, torpaqlarını azad etmək uğrunda savaşan Azərbaycanı günahlandırır, Ermənistanın mülki insanları, obyektləri hədəf seçməsini görməzdən gəlirdilər. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin bombardman edilməsi, insanların həlak olmasına da o zaman düzgün qiymət verilmədi. Ümumiyyətlə, 44 günlük müharibə zamanı Ermənistanın müharibə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Goranboy, Bərdə, Ağcabədidə mülki obyektlərə raketlə hücumu nəticəsində Bərdədə 27 dinc sakin ölmüş, 80-i yaralanmış, Gəncədə 27 nəfər ölmüş, 125-i yaralanmışdı. Tərtərdə isə 17 nəfər ölmüş, 63 nəfər xəsarət almışdı.

 Ermənistan Azərbaycana qarşı ərazi iddialarına da ekoloji terrorla başlamışdı. Şuşanın nadir ağaclarla zəngin Topxana meşəsini dağıdıb Qarabağ ətraf rayonlarda  da ekoloji  terror əməlini davam etdirmişdi. 30 il boyunca Oxçuçaya metal tullantıları axıdıb ki, bu da çayın flora faunasına ciddi ziyan vurub. Çaydakı nadir balıqlar məhv edilib. Bəs bütün bunların adı var?

Bütün dünya da bilir ki, Ermənistan beynəlxalq hüquq normalarına heç vaxt əməl etmir, onu tez-tez pozur. Bu isə təəccüblü deyil, çünki bu normaları, qaydaları, ilk növbədə, məhz onları təsbit edənlərin özü heçə sayır. Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, eyni bir ölkənin hərbi sənayesinin istehsalı olan eyni silahı həm  "qatil", həm "qoruyucu mələk" adlandıranlar bu hərəkətləri ilə dediklərimizi təsdiqləmiş oldular. Ermənilər istər 30 illik işğal, istərsə müharibə dövründə daha çox azərbaycanlının öldürülməsinə çalışırdı. Buna görə ən çox mülki insanları hədəf seçirdilər. Hər zaman Azərbaycanı ölkə ərazisindəki su, istilik elektrik stansiyalarını partladacağı ilə təhdid etməsi bununla bağlı idi. Hələ Tovuz döyüşlərindən sonra ölkədəki ən böyük su anbarının, elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini vurmaqla ətraf bölgələri su altında qoyacağı ilə hədələmişdi. Vətən müharibəsində oktyabrın 4- isə Ermənistan Mingəçevir şəhərinə 3 raket atmışdı. Onlardan biri Su Elektrik Stansiyasının enerji bloklarının qarşısına düşmüşdü. Bunu da bütün dünya, bu gün Kaxovka faciəsinə bu qədər kədərlənən, narahat olan qüvvələr görmüşdü. Əgər zamanında Ermənistanın Azərbaycanın ən böyük su anbarını partlatmaq cəhdinə münasibət bildirilsəydigünahkar hüquq çərçivəsində cəzalandırılsaydı, bu gün Kaxovka faciəsi yaşanmazdı. Deməli, dünya elə köhnə dünyadır, ikili, üçlü daha neçəli mövqeyilə...

Zümrüd QURBANQIZI,

"Respublika".