Duman, gəl get bu dağlardan...
Region

Duman, gəl get bu dağlardan...

Fesmerin yaylaq təəssüratları

Düz 28 il idi dağların həsrəti ilə yaşayırdı. Yaxınlıqda nədir, heç uzaqlarda da dağ görünmürdü ki, bəyaz çalmalı zirvəsinə, yamyaşıl yamaclarına, ağappaq duman köynəyinə gendən-genə baxıb təskinlik tapsın. Hələ qoyun sürüləri ilə Kəlbəcər, Laçın yalaqlarına qalxdığı, orada keçirdiyi xoş günlər... Gurhagur axan çayların şırıltısı, bulaqların zümzüməsi, lavaşın arasındakı bulaq otu ilə motal pendirinin dürməyi ona yuxu kimi gəlirdi. O illər arxada qalmışdı. Arxada qalsa da, Əşrəfin ürəyindən inam hissi bir an da olsun əskilmirdi. İnanırdı ki, erməni işğalı müvəqqətidir, Azərbaycan öz torpaqlarını igid övladlarının şücaəti sayəsində tezliklə azad edəcək. Oğlu Ruhin aprel döyüşlərində qəhrəmancasına şəhid olanda, ata ürəyi qan ağlasa da, yenə müqəddəs inam varlığına hakim kəsildi. Elə həmin vaxt digər oğlu Qəhrəman müddətdən artıq hərbi xidmətə yollanmaq istəyini bildirəndə alnından öpüb övladına ata xeyir-duası verərək xidmətə yola saldı.

Qaçqınlıq illəri bir-birini əvəz etdikcə, Əşrəf ata-baba sənətinə - qoyunçuluq təsərrüfatına daha çox can yandırmağa başladı. Ölkədə sahibkarlığın inkişafına göstərilən qayğı və diqqət, əməli köməklik fermerə əsl güc-qüvvət mənbəyi oldu. Hər pisliyin, bədbəxtliyin içində bir işıq ucu da olur. Cəbrayıl rayonunun Xudaverdili kəndindən olan qoyunçuluq təsərrüfatları dədə-babadan qışlamanı İmişli, Biləsuvar, Saatlı rayonlarının ərazisində keçirirdilər. Əşrəf də  sürülərini özünəməxsus olan qışlaqda yerləşdirdi. Yay fəsli aran yerində heyvandarlar üçün çətin keçsə də, dözməli oldular. Düz 28 il... 44 günlük Vətən müharibəsi Zəfər Qələbəmizlə nəticələnəndə Əşrəf ilikin olaraq şəhid oğlu Ruhinin məzarını ziyarət etdi, övladının ruhuna dualar oxudu. Ölkə başçısı cənab Ali Baş Komandana minnətdarlıq məktubu göndərdi. Onda 2020-ci il idi. Əşrəf başa düşdü ki, yaylaqlara hazırlaşmaq vaxtıdır. Bu il olmasa da, lap yaxın vaxtlarda sürülər yaylaqlara qalxacaq.

 Təsərrüfat böyük idi. Fermada 480 baş xırdabuynuzlu, 45 baş iribuynuzlu qoyun-keçi, mal-heyvan bəslənirdi. Cəbrayıl rayonunda sayılıb-seçilən fermer Əşrəf Qəhrəmanov deyir:

-Sovet dövründə Cəbrayıl rayonuna Kəlbəcər, Laçın yaylaqlarından 14 min hektar sahə ayrılmışdı. Həmin yaylaqlar bizim ixtiyarımızda idi, çobanların alaçığı, pəyəsi bir-birinin qonşuluğunda yerləşmişdi. May ayından düz noyabr ayının əvvəllərinə kimi var-dövləti (qoyun sürülərini belə adlandırırlar) yaylaqlarda bəsləyirdik. O yerlərin hər qarışına bələd idik. Bu ilin əvvəllərində eşidəndə ki, yaylaqlara qalxmağa icazə verəcəklər, sevincimin həddi-hüdudu olmadı, doğma torpaqlarımızın işğaldan azad olunması münasibətilə yenidən qurbanlar kəsdik. Bu, əsl xoşbəxtlik idi. Yaylaqlara köçün müəyyən şərtləri var idi, şükür ki, başçılıq etdiyim təsərrüfatda bütün göstəricilər yetərli hesab olunurdu. Bu yay sürüləri doğma yaylaqlara qaldırdıq. Dağlar həmin dağlar idi. Əvvəl Kəlbəcər rayonunun ərazisində yerləşən “Sarıqız” yaylağında, sonradan isə oradan köçərək Laçın rayonu ərazisindəki “Pəri Çınqılı” yaylaqlarında binə qurduq.

 Əşrəf yaylaqda keçən son dərəcə maraqlı, mənalı, xoş hadisələri yada salır, əhvalatlar danışır. Deyir ki,  Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar mövcuddur.  Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı var.  İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub.  30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer,  Söyüdlü,  Qoşdaş yaylaqlarına köç edib.  Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki,  qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur.   

Əşrəf razılıq hissi ilə əlavə edir:

-Kənd Təsərrüfatı Nazirliyinin qurumu olan Aqrar Xidmətlər Agentliyinin əməkdaşları  Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirirdi.  Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətini öyrənmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq xidməti göstərmək idi.  

Cəbrayıl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Əşrəf Şükürovdan öyrəndiyimiz məlumata görə təsdiqlənmiş reqlamentə əsasən,  yaylaqlara gedəcək sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilib.  Yalnız xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə mümkün idi. Əşrəf Qəhrəmanovun təsərrüfatında bəslənən sürülər, mal-qara bu tələblərə tam cavab verirdi. Fermer Əşrəf Qəhrəmanov deyir:

-Kəlbəcərin zəngin bitki örtüyü heyvandarlıqla məşğul olanların üzünü güldürdü. 3 ay ərzində heyvanlarda heç bir xəstəlik müşahidə olunmadı, əksinə, ətlik növ qoyunların çəkisi iki dəfə artdı.

Əşrəf deyir, fermerlərin sevincdən üzü gülürdü, amma 28 ildən sonra öz doğmalarına qucaq açan dağların da o anlarda üzü  gülürdü. Həmin günlərdə  dağlara bəlkə heç duman da enmirmiş, ensə idi, bu yerlərin sakinləri qədim bir misranı güman ki, xatırlayardılar: “Duman, gəl get bu dağlardan...”.

Tofiq HÜSEYN,

“Respublika”.