DSX: 30 kiloqramdan çox narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb
Digər xəbərlər

DSX: 30 kiloqramdan çox narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb, "Xudat" və "Zaqatala" sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının sayıqlığı nəticəsində saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, martın 10-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında, martın 11-də saat 05:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Mikayıllı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadlarının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumilikdə 30 kiloqram 600 qram narkotik vasitə, 1440 ədəd Metadon M-40, 754 ədəd Preqabalin, 50 ədəd Qababrel psixatrop həbləri və müxtəlif təyinatlı dərman preparatları aşkar olunaraq götürülüb.

Martın 10-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşları, 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu saxlanılıb.

Martın 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu Qvineya Respublikasının vətəndaşı Camara Moussa və Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.