Dövlətin nə olduğunu bilməyən ermənilərin tarixi reallıqları təhrif etmələri qəbuledilməzdir
Siyasət

Dövlətin nə olduğunu bilməyən ermənilərin tarixi reallıqları təhrif etmələri qəbuledilməzdir

Ermənistanın baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının təşəbbüs qrupunun Yeni Bəyaziddə (Qavar) keçirilən iclasında deyib ki, bəzi xarici və daxili qüvvələr İrəvanla Bakı arasında davamlı sülhün olmasını istəmir və belə olan halda ölkə liderlərinin mövqeyi çox vacibdir. Bu baxımdan, baş nazirin yanaşması Bakının mövqeyinə yaxın hesab edilə bilər. Amma burada bir məqam var. Paşinyan xarici güclər deyəndə heç də hər cəhdlə bölgədə sülhü yubatmağa çalışan, Ermənistanı silahlandıran Qərb dövlətlərini nəzərdə tutmayıb.

İrəvan rəsmisi bu sözləri ilə bir daha Rusiyanın vasitəçiliyi ilə danışıqlara getməyəcəyini bəyan edib. Amma Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, Azərbaycan da ədalətsiz yanaşma nümayiş etdirən tərəflərlə sülh üçün qurulan masada əyləşməyəcək. Son olaraq, Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan və Azərbaycana səfəri ilə bağlı hazırladığı qərəzli hesabat da onu deməyə əsas verir ki, Qərb platformasında danışıqlar mümkün görünmür. Bu halda əgər Paşinyan sülh sazişinin imzalanmasını gecikdirməyin təhlükələrini anlayıbsa, o zaman zəmanətçisiz danışıqlara getməklə razılaşmalıdır.

Bununla belə, Ermənistanın baş nazirinin çıxışında sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizi ilə bağlı əsassız iddiaları gündəmə gətirməsi sülhün tezliklə imzalanacağına dair inamı zəiflədib. Paşinyan bildirib ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayır. Yəni erməni lider demək istəyib ki, eyni hüquqa Ermənistan da malik olmalıdır. Amma ölkəmizin mövqeyi Naxçıvana maneəsiz keçidin Azərbaycan üçün qırmızı xəttə çevrildiyini göstərir. Belə olan halda regionda kommunikasiyaların açılmasında dərin fikir ayrılığı formalaşır ki, bu da yekun razılıqların əldə olunmasını çətinləşdirir.

Paşinyanın çıxışındakı digər problemli açıqlama isə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. O, bu prosesin 1991-ci il tarixli Almatı Bəyannaməsinin əsasında aparılmasının vacibliyini vurğulayıb. Baş nazir bunu belə izah edib ki, sözügedən razılaşmaya görə, Sovet İttifaqı dağılandan sonra ölkələr öz ərazilərində müstəqillik əldə ediblər və keçmiş sovet dövlətləri arasında inzibati sərhədlər dövlət sərhədinə çevrilib. Əslində, erməni nazir bu fikri səsləndirməklə SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana bağışlanan ərazilərin müzakirə edilməməsini hədəfləyir. Eləcə də Azərbaycan Ordusunun hazırda nəzarət etdiyi yüksəkliklərdən geri çəkilməsini istəyir. Amma Paşinyan nəzərə almalıdır ki, Almatı Bəyannaməsinə əsasən Azərbaycanın ərazisi 86,6 min kvadratkilometrdir. Bu ərazilərə hazırda Ermənistanın işğalında olan 8 kənd də daxildir. Yəni, baş nazir 1991-ci il xəritələrinə istinad edirsə, əvvəlcə sözügedən kəndləri Azərbaycana qaytarmalıdır. Buna baxmayaraq, İrəvan rəhbəri Bakının 8 kənd tələbinə qarşı Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır. Amma Ermənistanın siyasi rəhbərliyinin diqqətinə çatdırmaq lazımdır ki, bu ərazilər işğal olunmayıb, sadəcə yüksəkliklər ordumuzun nəzarətində olduğundan bu kəndlər də nəzarət altındadır. Bu proses isə beynəlxalq hüquqa tamamilə uyğundur. Buna görə də Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası məsələsində xəritələrlə bağlı manipulyativ cəhdlərinə heç bir halda imkan verilməyəcək. Kommunikasiyaların açılması və delimitasiya ilə bağlı fikir ayrılığı isə sadəcə regional sülhə zərbə vuracaq ki, bu da başlıca olaraq İrəvanın siyasi rəhbərliyinə yeni təhlükələr yaradacaq. Ermənistanın potensial riskləri idarə etmək üçün isə bacarığı yoxdur. Bunu Paşinyanın özü də etiraf edir: "Biz hələ də bayraqla necə davranacağımızı, dövlət himnimizi necə təqdim edəcəyimizi bilmirik. Himnimiz bəzi yerlərdə uzun, bəzi yerlərdə qısa səsləndirilir. Etiraf etməliyik ki, biz heç nə bilmirik, dövlət yaratmağı, onu gücləndirməyi öyrənməliyik, amma bunun üçün ilk növbədə dövlətin nə olduğunu başa düşməliyik".

Jalə QASIMZADƏ,

"Respublika".