Dövlətə sədaqət, Vətənə sevgi
Digər xəbərlər

Dövlətə sədaqət, Vətənə sevgi

"Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşündə deyib. "Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unudulmayacağını da qeyd edib: "Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır".

Parlaq Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq oldu. Müzəffər Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətənin müdafiəsinə qalxdılar.

Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu sayəsində 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımız cəmi 44 günə azad edildi. Vətən müharibəsi göstərdi ki, gənclərimiz dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanacaqlar.

Azərbaycanın salnaməsinə qızıl hərflərlə həkk olunmuş qələbəmiz, bu böyük zəfər xalqımızın sarsılmaz iradəsinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Odur ki, Vətənimizin bütövlüyü və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim dərin hörmət və ehtiramla yad etməliyik.

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Buna görə də biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib.

Azərbaycan gəncləri bu gün özlərini müstəqil dövlətin vətəndaşları kimi hiss edirlər. Onların əksəriyyəti də vətənpərvər gənclərdir. Vətənpərvərliyin əsas nümunəsini gənclərimiz müharibə zamanı həm ön, həm də arxa cəbhədə nümayiş etdirdilər. İndi Azərbaycan dövlətinin və gənclərinin gücünü göstərən əsas amillərdən biri məhz Vətən müharibəsində əldə olunan Zəfərdir.

Vətən müharibəsi əsl vətənpərvərlik meydanına çevrildi. Azərbaycan Ordusunun doğma Qarabağda aparılan əks-hücum əməliyyatlarında torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın qaldırılması əsl vətənpərvərlik nümunəsi kimi qəlbimizi fərəh hissi ilə doldurdu. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda üçrəngli milli bayrağımıza, həmçinin qardaş Türkiyənin Dövlət bayrağına ümummilli tükənməz sevginin şahidi olduq. Ölkənin işğaldan azad olunan yaşayış məntəqələri haqda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı verdiyi müjdələri eşidən vətəndaşlarımız əllərində bayraqlarla yürüşlərə çıxaraq şəhər və kəndlərimizi coşdurdular. Heç vaxt Qarabağı görməyən, onu yalnız televiziyadan görən, kitablardan oxuyan gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər. Onlar canları, qanları ilə bu torpağın hər qarışının müqəddəs olduğunu sübut etdilər.

Müasir dövrdə gənclərin milli vətən

pərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruh vətənpərvərliyin əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi məhz onun gəncləridir.

Bu gün Milli Ordumuzun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyulur. Ordumuz güvənc yerimiz olmaqla Vətənimizi yağılardan qorumağa hər an hazırdır. Ölkəmizdə uğurla reallaşan dövlət gənclər siyasətinin parlaq təzahürü kimi hər kəsdə xoş duyğular oyadır. Vətənpərvər gənclərin varlığı üzümüzə açılan səhərlərin daha nurlu olacağını şərtləndirir.

 M.MİRZƏ,

"Respublika".