Dollara alternativ yeni valyuta yaratmaq realdırmı?
İqtisadiyyat

Dollara alternativ yeni valyuta yaratmaq realdırmı?

Avqustun 22-dən 24-dək Yohannesburqda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS qrupunun 15-ci sammiti keçirilib. Assosiasiya sammitində milli valyutalarla ticarət məsələsi müzakirə olunub. Braziliya Prezidenti öz çıxışında ticarətdə dollardan imtinaya çağırıb.

Lula da Silva bildirib ki, BRİCS ölkələri bir-biri ilə ticarət apararkən ABŞ dollarından imtina etməli və bu, Vaşinqtona meydan oxumaq cəhdi kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, əgər ölkəsi Çinlə ticarət edirsə, onda niyə bunun üçün dollardan istifadə etməlidir, bunun əvəzində öz valyutalarından və ya başqa baza valyutasından istifadə edə bilərlər. Əslində, bu, Silvanın ilk belə açıqlaması deyil, dövlət başçısı demək olar ki, hər çıxışında dollara alternativ məsələsinə toxunur. BRİCS sammiti də bunun üçün əvəzsiz məkandır. Çünki bloka daxil olan Çin də bu fikri dəstəkləyir. Hətta artıq Çin və Braziliya birbaşa milli valyutalarla hesablaşmalar aparmaq haqqında razılıq əldə ediblər. Eyni zamanda blokun digər aparıcı gücü olan Rusiya da yeni qlobal valyuta çağırışları edir. Üstəlik, təkcə məkan yox, zaman da bu təklif üçün münbitdir. Belə ki, Argentina, İran və Əlcəzair BRİCS-ə qoşulmaq üçün müraciət edib. Misir, Türkiyə və Səudiyyə Ərəbistanı da buna can atır, hətta Yaxın Şərq ölkələri sözügedən bloka qoşulmaqda maraqlıdır. Bu dövlətləri birləşdirən digər məqam isə - rəsmi Vaşinqtonun dollardan təzyiq vasitəsi kimi istifadə etməsidir. Dünyanın əksər ölkələri ABŞ-ın hansı siyasət yürütdüyünü görür və öz aktivlərinin dondurula biləcəyindən ehtiyat edərək dollardan xilas olmaq istəyir. Yəni əslində, məsələnin mahiyyəti, ilk növbədə, siyasidir. Ukraynada gedən müharibə fonunda dünya siyasətinin yenidən formalaşdığını nəzərə alsaq, Rusiya və Çinin Ağ Evə meydan oxuması təəccüblü görünmür. Digər dövlətlər də çoxqütblü dünya nizamına keçiddə maraqlı olduğundan G7 ölkələrinin başlıca rəqibi statusunu alan BRİCS-ə qoşulmaqda maraqlıdır. Braziliya, Çin, Hindistan və Cənubi Afrika ölkələrini birləşdirən bu qurum hazırda dünya iqtisadiyyatının 31,7%-ni təşkil edir. Təbii ki, bu ölkələri birləşdirən ortaq arzu dünya iqtisadiyyatında onlara verilmiş roldan imtina edərək, hakim mövqeyə keçmək və ənənəvi sistemə qarşı öz qaydalarını formalaşdırmaqdır. Yəni BRİCS bloku əsasən ABŞ-ın dominantlıq etdiyi mövcud dünya maliyyə nizamına meydan oxuyur və yeni dünya nizamı qurmağı hədəfləyir.

Məhz hazırkı geosiyasi vəziyyətdə də qlobal maliyyə sisteminin dəyişməsi tendensiyası müşahidə olunur və de-dollarizasiya prosesi sürətlə gedir. BRİCS ölkələrinin dünya iqtisadiyyatında hazırkı payını nəzərə alsaq, onların dollarla hesablaşmalardan imtina etməsi ABŞ valyutasına ciddi ziyan vuracaq. Üstəlik, qeyd etdiyimiz kimi, prosesə Yaxın Şərq və Latın Amerikasından da yeni dövlətlər qoşularsa, dolların dünya ticarətindəki hegemonluğuna son qoyula bilər. Təbii ki, bunlar ehtimal edilən nəzəriyyələrdir. Hazırda əsas məsələ bu prosesin reallaşıb-reallaşmayacağıdır.

Rusiya və Hindistan dollardan imtinanın 5 ilə tamamlanacağını düşünür. Amma vahid milli valyutanın işlək variantının yaradılması haqqında danışmaq üçün hələ tezdir. Bunun ilk səbəbi BRİCS ölkələri daxilində razılaşdırılmayan məsələlərdir. Məsələn, Hindistan Çinin blok daxilindəki liderliyini qəbul etmək istəmir, eləcə də ittifaqa yeni üzvlərin daxil olmasında maraqları Rusiya ilə toqquşur. Digər bir versiyaya görə, dünya əhalisinin 85 faizi BRİCS-ə qoşulsa, o zaman ABŞ dollarından asılılığa son qoya bilərlər. Hazırda əhalinin təxminən 40 faizi BRİCS ölkələrində yaşayır. Sözügedən göstəriciyə çatmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası ölkələrinin də bloka qoşulması vacibdir. Bu isə yaxın perspektivdə real görünmür.

Onu da qeyd etmək lazımdır ki, artıq ölkəmiz Rusiya, Türkiyə kimi ölkələrlə ticarətdə milli valyutadan istifadəyə start verib. Bu prosesin növbəti mərhələdə genişlənəcəyi proqnozlaşdırılır.

Jalə QASIMZADƏ,

"Respublika".