Doğma yurda qayıdış tezliklə reallaşacaq
Sosial həyat

Doğma yurda qayıdış tezliklə reallaşacaq

Qərbi Azərbaycan mövzusu sağalmayan yaralarımızdan biridir. Ermənistanın bitib-tükənmək bilməyən vandalizmi nəticəsində 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri ya öldürülüb, ya da doğma torpağından didərgin salınıb. Bu danılmaz faktdır. Bunu erməni yazar Korkodyan öz kitabında da təsdiqləyir: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk, azərbaycanlı əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".

Qərbi Azərbaycandan həmvətənlilərimizin köçürülməsi təkcə buraya xaricdən gələn ermənilərin yerləşdirilməsi niyyətini güdmürdü, həmçinin torpaqların sakitcə Ermənistana birləşdirilməsi məqsədi də daşıyırdı. Köçürülən əhaliyə güzəştlər və kreditlər verilsə də, onlar bütün daşınmaz əmlakdan, ilk növbədə, şəxsi evlərindən və ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdular. Əlbəttə, "köçürmə" adı altında aparılan bu əməliyyat əsl deportasiyadan başqa bir şey deyildi. Çünki həmvətənlilərimizin əksəriyyətinin iradəsi və istəyi əleyhinə həyata keçirilmişdi.

Daima ürəyində doğma torpaq sevgisi olan həmyerlilərimizin acısına dərman olmaq üçün 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılıb. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. İcmanın adı 2022-ci ildə "Qərbi Azərbaycan İcması" olaraq dəyişdirilib. Prezident İlham Əliyev dekabrın 24-də icmanın bir qrup nümayəndəsi ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoyub. Ölkə başçısı icma üzvləri ilə görüşdə deyib: "Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır".

Konsepsiyaya əsasən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsidir. İcma ötən illər ərzində həmyerlilərimizə qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Konsepsiya fəaliyyəti zamanı qaçqın düşmüş Qərbi azərbaycanlıları könüllü şəkildə, təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıda bilmələri üçün hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, prosesin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, qayıtmış əhalinin yenidən qovulması, ayrı-seçkilik həyata keçirilməsi və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi və s. kimi vəzifələr əsas məqsədidir. Əhalinin öz torpaqlarına yenidən qayıtması konsepsiyasında İcma böyük rol oynayır. Vətəndaşların problem və narahatlıqlarına bir-bir diqqət, qayğı göstərir.

Qərbi Azərbaycan İcması bu günə qədər bir çox işlər görüb, səsini beynəlxalq aləmə eşitdirmək üçün addımlar atıb. Bu günlərdə Qərb qonşumuzun İcevan rayonunda bir nəfərin, sadəcə, türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınadıqlarını bildirib və bu barədə bəyanat veriblər. Bir daha Ermənistanın antitürk xisləti ortaya çıxıb. Bu birmənalı olaraq ermənilərin türklərdən qorxduğunun göstəricisidir. Çünki hazırda Azərbaycan ərazisində yaşayan və öz dillərində danışan yüzlərlə erməni mövcuddur. Lakin ölkəmizdə bu kimi hadisələr bu günə qədər heç vaxt yaşanmayıb. Hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasına riayət etdiyi təqdirdə, dövlət sərhədi daxilində azad formada yaşaya bilər. Lakin görünür ki, Ermənistan bu anlayışdan çox uzaqdadır. Bu da bədnam xislətli ermənilərin irqçilik və ksenofobiyasının növbəti göstəricisidir. Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb ki, biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq: "Biz, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarını, irqçiliyin, irqçi ayrı-seçkiliyin, ksenofobiyanın və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, "Human Rights Watch" və "Amnesty International" təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq".

İcmanın çağırışlarına, bəyanatlarına məhəl qoymayan haylar öz çirkin əməllərinə davam edir. Şübhəsiz ki, 44 günlük müharibə ilə doğma torpaqlarını geri alan güclü dövlət, nəhayət, Qərbi Azərbaycanına da qovuşacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".