Tarix yazan igid oğullar
Sosial həyat

Tarix yazan igid oğullar

Qalib Zülfüqarlı doğma Vətənini ürəkdən sevdiyinə görə onun yolunda şəhid olmağı bacardı. Bu, müqəddəslik onu şəhidlik zirvəsinə ucaltdı.

Bu fikirlər Lənkəran Şəhər Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin təşkilatçılığı ilə Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində şəhid leytenant Qalib Zülfüqarlının anım gününə həsr olunan "Qalib ölkənin Qalibi" adlı tədbirdə səslənib. Mərasimdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyevanın, şəhid ailələrinin, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Qalib Layim oğlu Zülfüqarlı 1992-ci ildə Lənkəranın Vilvan kəndində anadan olub. 2014-cü ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsində Qazax rayonundakı "N" saylı hərbi hissəyə xidmətə göndərilib. 28 mart 2016-cı ildə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülüb.

Qalib Zülfüqarlının həyatından bəhs edən videoçarxın nümayişindən sonra şəhidin şərəfli həyat və döyüş yolundan danışanlar bildiriblər ki, Qalib ağır günlərdə Vətənə sipər, düşmənə çəpər durmağı bacaran qeyrətli igidlərdən olub. Az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşısında son borcunu şərəflə verib. 27 mart 2016-cı ildə Qazax rayonunun Quşçuayrım kəndində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Məktəblilərin ifasında şəhid Qalib Zülfüqarlıya həsr olunan şeirlər də tədbirə qürur hissi qatıb.

Diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edən şəhidin ailə üzvləri onu da deyiblər ki, Qalib Vətənə sevgi, düşmənə nifrət ruhunda böyümüşdü. Bütün arzularının zirvəsində Qarabağımızın azadlığı dururdu. Elə hərbiyə bitib-tükənməyən sevgisi bundan irəli gəlirdi. Qalib ölməyib, sevdalandığı Vətən adlı torpağa qovuşub. İndi o, qalib ölkənin əbədi vətəndaşı olaraq təkcə doğmalarına yox, canından üstün tutduğu Azərbaycana əzizdir...

Z.ORUCOĞLU.