DOĞMA YURDA QAYIDACAQLARI GÜNÜ GÖZLƏYİRLƏR
Region

DOĞMA YURDA QAYIDACAQLARI GÜNÜ GÖZLƏYİRLƏR

Ermənistanla həmsərhəd olan Qazax rayonunun 7 kəndi işğala məruz qalıb, ermənilər kəndlərin sakinlərinə qarşı qətliamlar törədiblər.

Həmin kəndlərdən didərgin düşən əhaliyə Prezident İlham Əliyevin tapşırığı ilə Qazaxbəyli kəndinin ərazisində hər cür şəraiti olan müasir qəsəbə salınıb. Burada yaşayan insanlar bizi qazaxlılara məxsus qonaqpərvərlik və səmimiyyətlə qarşıladılar. Onların hər birinin gözlərində vətənə qayıtmaq ümidi hiss olunurdu.

İşğal altında qalan Bağanis-Ayrım kəndində doğulub boya-başa çatmış 85 yaşlı Zərbəli Xasayev səbirsizliklə öz doğma kəndinə gedəcəyi günü gözlədiyini bildirdi, "bilmirəm nə qədər ömrüm qalıb, qalan ömrümü kəndimdə keçirmək istəyirəm" dedi. O, gənc yaşlarından Bakı şəhərində Neft Daşlarında çalışmış, 15 gün Bakıda, yarım ay isə Bağanis-Ayrım kəndində yaşamışdır. Bu kənd erməni kəndi ilə 2 kilometr məsafədə yerləşir. Müsahibimin evi ermənilərə ən yaxın məsafədə olub. Ermənilərin yolu da bu kənddən keçir: "1988-ci ilədək mənfur qonşularla normal şəraitdə yaşayırdıq. Lakin 1987-ci ildə üzdəniraq qonşular çayın digər sahilindəki təpədən müəyyən vaxtlarda, əsasən gecələr heç bir səbəb olmadan kəndi müxtəlif silahlardan atəşə tuturdular. Artıq mal-qaranı örüş sahələrinə aparmaq mümkün deyildi. Kəndimiz həddindən artıq səfalı, içməli su ilə zəngin bir yerdir. Uzunömürlü insanların sayı çoxluq təşkil edirdi. Zəhmətkeş kənd camaatı əsasən təsərrüfat işləri ilə məşğul olurdular. 1992-ci ildə xalqımızın milli bayramı Novruzda, mart ayının 24-də səhər saat 7 radələrində erməni silahlı birləşmələri qəflətən Bağanis-Ayrıma hücum etdilər. Əliyalın camaat qorxu və təlaş içində hara gedəcəyini bilmirdi. 120 evdən ibarət olan kəndi ermənilər qarət edərək od vurdular.

Müsahibim ürək ağrısı ilə bildirdi ki, kənd sakini 40 yaşlı Məhərrəmov Alməmməd Gülməmməd oğlu ermənilərdən qorunmaq üçün evində çarpayının altında gizlənmişdi. İnsanlıqdan uzaq mənfurlar onun evinə od vurmuşlar. Çarəsiz qalan Alməmməd evdən çıxmağa məcbur olmuş, bu zaman ermənilər onu yanan ot tayasının üstünə atmışlar.

Kəndin digər sakini Əsliyeva Alya adlı gənc gəlini öldürmüş, qarnını yararaq daş doldurmuş, körpə uşağını isə ailənin 5 üzvü ilə birlikdə diri-diri yandırmışlar. Kənddə biri polis əməkdaşı olmaqla, 7 nəfər qətlə yetirilmişdir. Çarəsiz, zavallı insanlar çox çətinliklə kənddən çıxmışlar.

83 yaşlı Zərbəli kişi ümid edir ki, Ali Baş Komandan İlham Əliyev işğal altında qalan kəndləri azad edəcək, insanların firavan yaşaması üçün hər cür şərait yaradılacaqdır.

Digər həmsöhbətim Yuxarı Əskipara sakini, yaşı 80-i ötmüş, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş Nüsrəddin Hacıyev bildirdi ki, adıçəkilən kənd Qazaxın üzük qaşı idi. Ömrünün ən gözəl çağlarını o kənddə keçirən həmsöhbətim vurğuladı ki, Yuxarı Əskipara səfalı yer idi. Kənd Coğaz çayının sahilində yerləşir, flora və fauna ilə zəngin meşə ilə əhatə olunub. Ərazidə xalqımıza məxsus qədim zamanlara aid olan abidələr var idi. Burada Kazım körpüsü, Qatır körpüsü, Qala, Koroğlu daşı və s. adlanan qədim tikililər mövcuddur. Koroğlu daşı ən yüksək yerdə yerləşir. Oradan bütün Qazax mahalını seyr etmək mümkündür. 120 evdən ibarət olan kənddə təxminən 400-ə yaxın sakin yaşayırdı.

1988-1992-ci illərdə Yuxarı Əskipara mühasirə şəraitində olmuş, kənd camaatı çox çətinliklər çəkmişdi. Həmin ərəfələrdə kənd sakini Abdulla Zeynalov meşədə ermənilər tərəfindən qətlə yetirilmişdir. Bundan başqa, ermənilərin avtobusu atəşə tutması nəticəsində Namaz Həsənov həlak olmuş, 6 nəfər isə ağır yaralanmışdı.

N.Hacıyev bildirdi ki, kəndi tərk etdikdən sonra uzun müddət heç bir şəraiti olmayan ictimai binalarda və digər yerlərdə yaşayıblar. 8 ildir ki, müasir, hər cür şəraiti olan qəsəbədə yaşayırıq. Lakin qəlbimiz hər zaman Vətən həsrəti ilə döyünür. Öz doğma kəndlərimizdə əkin-biçinlə, təsərrüfatla məşğul olmaq istəyirik. İnanırıq ki, doğma Qarabağın sakinləri tək Yuxarı Əskiparalılar da tezliklə ata-baba yurdlarına qayıdacaqlar.

İşğal altında qalan Aşağı Əskipara kənd sakini 83 yaşlı Front Həsənov bildirdi ki, ömrünün 50 ilini doğma yurd yerində keçirib. Kənddə 300 yaşayış evi var idi. O, ürək ağrısı ilə bildirdi ki, kənd tamamilə dağıdılıb, evlərdən əsər-əlamət qalmayıb. 1992-ci ildə gecə ermənilər kəndi aramsız atəşə tutdular. Həmin vaxt iki nəfər ata və oğul erməni gülləsinə tuş gələrək həlak oldu. Bundan sonra vəziyyət daha da gərginləşdi. Sakinlərdən bir neçəsi, o cümlədən, əhalinin təhlükəsizliyini qoruyan polis əməkdaşı Gündüz Məmmədov ağır yaralandı.

Deyilənlər baş verən faciələrin çox kiçik bir hissəsidir. Ancaq nədənsə Avropa, xüsusilə Fransa kimi ermənipərəst ölkələr azərbaycanlıların başına gətirilən müsibətləri inkar edir, təcavüzkar, istilaçı, vəhşiləşmiş erməniləri müdafiə edirlər. Lakin bir həqiqət var ki, qüdrətli Azərbaycanımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir qarış torpağını da işğal altında qoymayacaq.

Vəli VƏLİYEV,

"Respublika".