Dirçəlişin, möcüzən, haqqın mübarək, Laçın!
Region

Dirçəlişin, möcüzən, haqqın mübarək, Laçın!

Əzəmətli görünüşü, sıldırım qayaları, quşqonmaz yarğanları, yaşıl ormanları, saqraq çayları ilə göy üzünə, yurd yerlərinə şəfəq salan, təbiətin nadir incisi, tariximizin bir parçası, igidlər oylağı Laçının indiki hüsnünə baxanda istər-istəməz pıçıldayırsan, dirçəlişin, oyanışın, möcüzən mübarək, Laçın! Adının mənası belədir ki, Laçın dağlarda yaşayan qartal növüdür. Bu ad ona çox yaraşır, fəqət qarı düşmən onu tora salmışdı, qanadları sanki çarmıxa çəkilmişdi, gözləri uzaqlara dikilmişdi, qəhrəman övladlarının yolunu gözləyirdi. Çox çalışsa da, düşmən onu sındıra bilmədi, ağacını kəsdi, yenidən pöhrələdi, bulaqlarının gözünü qurutdu, başqa yerdən durulub çıxdı, çiçəklərini tapdaladı, min yerdən ulduz təki parıldadı, yağıların kirli caynaqlarında can vermədi, dözdü, dayandı. Onu xilas edəcək oğulları gözləyirdi, inanırdı və həmin gün gəldi, qələbə ilə, şərəflə, qürurla Laçın düşmən əsarətindən azad edildi.

Bu, asan başa gəlmədi, amansız döyüşlərdə torpaq uğrunda şəhid olan igidlərin dizi qatlanmadı, əlləri əsmədi, yaralansalar da yalnız irəliyə can atdılar, rəhbərimiz, Prezidentimiz isə danışıqlar masasında göstərdiyi iradəni, əzmi, qətiyyəti silahların dil açdığı səngərlərə gətirdi. 44 günün hər dəqiqəsi, hər anı Ali Baş Komandanın həyatında, üzünün hər cizgisində, dediyi hər sözün mayasında həkk olundu. Barıt qoxulu, şəhid qanı hopan Qarabağı və Şərqi Zəngəzuru qaranlığa qərq edən buludlar dağıldı, bu yerlərə günəş doğdu, səssiz-səmirsiz qalan yurd yerlərinin həniri qayıtdı, bu torpaqlarda ayaq səslərimiz eşidildi, dualarımız səsləndi. Prezidentimizin yaratdığı tamlıq, bütövlük, bağlılıq, inadkarlıq, inam, igidlik şanlı qələbənin təməlini qoydu. Özül nə qədər möhkəm olarsa, qələbə o qədər yaxın olar. Azad edilmiş bütün ərazilərdə çox genişmiqyaslı quruculuq işləri gedir. Gəlin etiraf edək ki, bu işlər Laçında daha möhtəşəm, daha coşqu ilə aparılır, candan, ruhdan, məhəbbətdən doğan duyğularla bu yurd yerimiz dünyada bənzəri olmayan ecazkar bir şəhərə çevrilir. Yenidən qurulan, düşmənin vurduğu yaralara məlhəm qoyulan, sakinlərinə qucaq açan Laçın şəhəri sözün əsl mənasında, uca dağların zirvəsindəki qartala bənzəyir. Bunun bir neçə səbəbi var, ən əsası isə odur ki, Laçın düşmən ölkə ilə sərhəddə yerləşir, onun gözəlliyi və müasirliyi onların gözünü hər zaman qamaşdırmalıdır.

Çox səmimi deyirəm, yatsaq heç yuxumuza da girməzdi ki, bir gün Laçına qayıdacağıq. Elə bilirdim ki, ta quru daşam, koralıb-korşalıb yadım-yaddaşım, əyni yalın cığırların harayını eşidirdim, çox şükür ki, daha cığırların əyni-başı ot tutur, yollarımıza işıq düşür, ömürdən ömürlər üstünə gün düşür, bizi bəxtəvərlik, xoşbəxtlik öz qoynuna alıb. Laçın işğal olunanda otuz beş yaşı olan, bədənində güllə yarası daşıyan, keçmiş döyüşçü, ömrünü-gününü məcburi köçkünlükdə keçirmiş, həyatın bütün təzadlarına mərdliklə sinə gərmiş, gecə-gündüz yurd həsrəti ilə qovrulan laçınlı tanışım bu sözləri çox səmimiyyətlə söyləyir. Sonra da deyir ki, ömrümün bu çağında payız ruhum çiçəklədi, alatoran həyatımda günəş doğdu, ay göründü, uşaqlığım, xatirələrim qalan yurd yerində indi qürurla addımlayıram. Azərbaycanı cələsi açılmayan çilləkənə salmışdılar, ermənilərə havadarlıq edən ölkələr, erməni diasporu otuz ilə yaxın çalışdılar, pul tökdülər, vasitəçilərin əl-ayağını öpdülər, min bir dona girdilər ki, torpaqlarımızın işğalını dondursunlar. Yanıldılar, uduzdular. O çilləkəni Qalib Ali Baş Komandan İlham Əliyev, onun qurduğu ordunun igid oğullarının hayqırtısı, hünəri darmadağın etdi. Vətən bütövləşdi, sərhədlərimiz bərpa edildi, üçrəngli bayrağımız zirvələrdə dalğalanır. Dağların sinəsinə, dərələrin dərinliyinə bəyaz duman gəlir, qədəmindən damcı-damcı, gilə-gilə şeh tökülür, yurd, torpaq murdar nəfəsdən arınır, təmizlənir. Əhdimiz var idi, dizimizi kotan eyləyib yurdumuzu vətən eləyək.

 2023-cü ilin 26 avqust tarixi həm xalqımızın, həm də laçınlıların yaddaşına xoş anlarla, unudulmaz təəssüratlarla, şərəflə, ləyaqətlə, qürurla yazıldı. Həmin gün Laçın Şəhəri Günü təntənə ilə qeyd edildi. Ondan bir gün qabaq isə Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçında bir çox tədbirlərdə iştirak etdilər. "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının istifadəyə verilməsi; Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq; mehmanxana kompleksinin təməlinin qoyulması; "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı; 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra istifadəyə verilməsi; "Həkəri Balıq Təsərrüfatı"nın açılışı; Zabux kəndində görülmüş işlərlə tanışlıq; və nəhayət Laçın Şəhəri Gününə aid bayram şənlikləri...

Prezidentimiz, Qalib Ali Baş Komandan İlham Əliyev bayram şənliklərində çıxış edərək bildirdi ki, bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Bu gün səhər uşaqlarla bir neçə tədbirdə iştirak edirdim. Onlardan soruşurdum, həm Zabuxda, həm Laçın şəhərində, siz Bakıdan, Sumqayıtdan, digər yerlərdən gəlmisiniz, darıxmırsınız? Xeyr dedilər. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq.

Gəlin sakinləri dinləyək, onların ürək sözlərini eşidək. Zabux sakini Allahverdi Əliyev bildirir ki, 31 ildir ki, mən bu yerlərə həsrət qalmışam, ancaq heç zaman ümidsiz olmamışam, inanırdım ki, biz doğma torpaqlara qayıdacağıq. Bu inamı bizə Prezidentimiz verirdi, bizi kökdən düşməyə qoymurdu, hər çıxışında ürəyimizin sarı siminə toxunurdu. İndi Zabuxda, öz evimdəyəm. Şükürlər olsun... Qənirə Həsənovanın isə sevinci yerə-göyə sığmır, deyir ki, sağ olsunlar, belə gözəl evləri tikib bizə veriblər, biz də gəlib doğma evimizdə yaşayırıq. Torpaqlarımızı azad edənlərin Allah canını sağ eləsin, ömrünü uzun eləsin, Prezidentimiz və xanımı Mehriban Əliyeva o qədər gözəl, səmimi, xeyirxah insanlardır ki... Mən bir kəlmə onlardan xahiş elədim, o dəqiqə yerinə yetirdilər. Həm Prezidetimiz İlham Əliyevdən, həm də birinci xanım Mehriban Əliyevadan dünyalar qədər razı oldum. Allah onları qorusun!..

Qeyd edək ki, Zabuxa qayıdan 88 sakinin hamısı bu sevinci yaşayır. Çünki onlar qürur və fərəhlə öz doğma yurdlarına qayıdıblar. Onların ilk qonaqları isə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olub. Həmin tarix həm də rəmzi məna daşıyırdı, həmin gün ürəyi təpərli, qəlbi təmiz, ünsiyyəti, münasibəti səmimi Mehriban xanımın ad günü idi. Azad edilmiş Laçında ad günü keçirmək onun halal haqqı idi. Zabux sakini Yaşar Cəfərov deyir ki, maşın Zabuxa çatanda saxladılar, məni maşından düşürdülər, ayağım yerimədi, qıçım qatlandı, yaş məni boğdu. Qoluma girib gətirdilər, Zabuxa baxdım, sevincdən ağladım. Gövhər Fərəcova deyir ki, çox sevinirəm, Allah Prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin ki, bizə bu sevinci yaşatdılar. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Doğma yurdumuzda daha gözəl, rahat günlər yaşayacağımıza inanıram.

Doğma evlərinə qayıdan insanlar inamla, şükranlıqla, qürurla, sevinclə danışırlar, 30 il çəkdikləri əzab-əziyyət doğma yurdda keçən bir günün içində yox olub gedir, qurbanlar kəsilir, qohum-qonşular bir-birinə gözaydınlığı verirlər, sözlərinin əvvəli də, axırı da Prezidentimizə minnətdarlıqla başlayır, şəhidlərimizin parlaq xatirəsini anırlar. Qeyd edək ki, Laçın şəhərinə 254 ailə köçürülüb, Zabux kəndinə onlarla ailə qayıdıb. Laçın təkcə yaşayış məntəqəsi kimi qurulmur, bu dağlar incisi həm də tezliklə turizm mərkəzinə çevriləcək. Burada yerli və xarici qonaqların rahat və zövqlü istirahəti üçün zəruri infrastruktur yaradılır, tarixilik və müasirlik bu şəhərdə bir vəhdət təşkil edir, Laçının gözəlliyinə əlavə edilən çalarlar onu daha da füsunkar edir. Əsl möcüzədir, yaxın vaxtlarda Laçının mərkəzi küçəsindən tramvay keçəcək... Yurd yerlərinə geri qayıdırıq, qurmağa, əkib-becərməyə, övlad böyütməyə, yurdun keşiyini çəkməyə. Liderimizin gücü və iradəsi ilə zamanın çarxı, tarixin təkəri həqiqətən daş üstündə sürüşdü, haqqın qıfılına açar tapıldı, ədalətin qapısı açıldı, Nuh Nəbidən qalma üzüquyulu daş qaldırıldı, düşmən sitəminə son qoyuldu. Həqiqət budur, haqq budur, qələbə, zəfər, dirçəliş Laçında daha möhtəşəm görünür...

Salman ALIOĞLU,

"Respublika".