Diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb
Siyasət

Diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb

İyulun 11-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, ADA Universitetində təşkil edilmiş açılış tədbirində Nazirliyin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Müşavirədə açılış nitqi ilə xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.

Çıxışlarda, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması istiqamətində atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edilib və müvafiq təlimatlar verilib.

Müşavirə regionlar üzrə paralel panel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.

İyulun 12-də müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diplomatiya və hərbi-siyasi təhlükəsizlik məsələləri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.

İyulun 13-də isə Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və əməkdaşlarının, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və "Ağdamın dirçəlişi" adlı tədbirin təşkili planlaşdırılıb.