Sosial həyat

"Dəyişən iqlim şəraitində təhlükəsiz və sağlam iş yerlərini təmin etmək" mövzusunda tədbir

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur və problemlər yaradır. Bu problemlə əlaqədar bir sıra tədbirlər, o cümlədən elmi və praktiki konfranslar keçirilir.

Aprelin 22-də paytaxt Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində "Dəyişən iqlim şəraitində təhlükəsiz və sağlam iş yerlərini təmin etmək" mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib. Görüş işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə təşkil edilib. Tədbirdə nazirliyin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar barədə məlumat verilib. Eyni zamanda iqlim dəyişmələri fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası qaydaları və əmək qanunvericiliyində son dəyişikliklər diqqətə çatdırılıb. İştirakçılara əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədilə Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumat verilib. Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd qeyd olunan mövzularda işəgötürənlərin məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev Böyük Qayıdış Proqramı çərçivəsində baş tutan işlərdən və nazirliyin verdiyi dəstəkdən söz açıb. R.Əliyev, eyni zamanda cari ildə ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 barədə də məlumat verib.

ƏƏSMN-nin Əmək siyasəti şöbəsinin əməkdaşı Orxan Nadirov qeyd edib ki, əməyin mühafizəsinin məqsədi işçilərin qorunması, onların əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqlarla təchiz edilməsi və istehsal prosesinin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Sonda isə istehsalatda baş verən bədbəxt hadisələrin nəticəsi ilə bağlı statistik rəqəmlər təqdim edilib.

Daha sonra ƏƏSMN Əmək siyasəti şöbəsinin əməkdaşı Vüsal Allahverdiyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində qadın və uşaq əməyi ilə bağlı dəyişikliklərdən danışıb. O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərlə bağlı sınaq müddəti və əmək müqaviləsinə xitam verilməsi haqqında dəyişiklikləri dinləyicilərin diqqətinə çatdırıb.

Əməyin Mühafizəsi Mərkəzi, təlimlərin təşkili və texniki dəstək departamentinin müdir müavini Famil Məmmədov Əməyin Mühafizəsi Mərkəzi və missiyası, mərkəzin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxış edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Xəqan Hümbətzadə tədbirə qonaq qismində qatılaraq ümumi fikirlərini bölüşüb.

Sonda isə ƏƏSMN Əmək siyasəti şöbəsinin əmək qanunvericiliyinin tətbiqi sektorunun müdiri Rəşad Əhmədov məsələ ilə bağlı sualları cavablandırıb.

Röya RÜSTƏMLİ,

"Respublika".