Dəniz səviyyəsindən hündürdə yerləşən hava limanı
İqtisadiyyat

Dəniz səviyyəsindən hündürdə yerləşən hava limanı

Bu gün Qarabağ əzəli yurd yerlərimiz yenidən dirçəlir, uzun illər ayrı düşmüş, qəribsəmiş doğma sakinlərinə isti qucaq açır. Bölgəyə hər səfərində "Qarabağda bütün infrastruktur bərpa olunacaq", - deyən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni layihələr, tikinti-abadlıq, yenidənqurma işləri uğurla həyata keçirilir ki, bunlardan biri də inşa edilən beynəlxalq hava limanlarıdır.

Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində demişdir: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir".

Bu gün tikintisi uğurla aparılan, işğaldan azad olunmuş torpaqlarda inşa edilən və sayca üçüncü olan Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

2021-ci il oktyabrın 26-da Qarabağın hava qapısı sayılan və cəmi 8 aya tikilən müasir Füzuli Beynəlxalq Hava Limanı, 2022-ci il oktyabrın 20-də isə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Regionun strateji əhəmiyyətini artıran daha bir - Laçın Beynəlxalq Hava Limanının tikintisi isə uğurla davam etdirilir.

Ölkəmizin sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Laçın çox mühüm coğrafi və strateji əhəmiyyətə malikdir. 2022-ci il avqustun 26-da Prezident İlham Əliyev xalqa "Biz Laçın şəhərinə qayıtdıq" müjdəsini verdi və sentyabr ayında bu rayona səfər etdi. Cəmi bir il ərzində Laçında aparılan bərpa-quruculuq işləri nəticəsində laçınlıların doğma yurd-yuvalarına qayıdışı başlandı. Çünki görülən işlərin miqyasının ölçüyəgəlməzliyi belə bir tarixi addımın atılmasını şərtləndirdi.

Laçın Beynəlxalq Hava Limanı dəniz səviyyəsindən ən hündürdə yerləşir. Burada uçuş-enmə zolağının uzunluğu 3 kilometr təşkil etməklə 6 təyyarə dayanacağı olacaq. Bu hava limanının ərazisi isə öz unikallığı ilə fərqlənir. Belə ki, bu hava limanı Laçın şəhərinə 30, Kəlbəcər şəhərinə 60, Şuşaya isə 70 kilometr məsafədə yerləşir. Hava limanının istifadəyə verilməsindən sonra heç şübhəsiz ki, yaxın zamanlarda daxili və xarici turistlərin ən çox ziyarət edəcəkləri yerlərdən biri də Laçın olacaq. Həm Laçına, həm Kəlbəcərə, həm də Şuşaya yaxın olan Laçın aeroportu turistlərin bu dilbər guşələrimizə gəliş-gedişlərini asanlaşdıracaq, ölkənin turizm potensialının inkişafına öz töhfəsini verəcək. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edəcək. Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

İqtisadçı ekspertlər hesab edirlər ki, Laçın rayonundakı hava limanı hərbi-strateji, həm də iqtisadi üstünlüklərə malik olacaq.

Layihələr Laçın rayonunda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır. Gələcəkdə Laçın Beynəlxalq Hava Limanı ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək. Bu ilin sonuna tamamlanması nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının tikintisini Azərbaycanın ən böyük və tanınmış, yol və hava limanı infrastruktur layihələri üzrə beynəlxalq şirkətə çevrilən "AzVirt" MMC həyata keçirir.

Müşfiq MİRZƏ,

"Respublika".