Demokratik-hüquqi dövlət quruculuğunun təminatı
Siyasət

Demokratik-hüquqi dövlət quruculuğunun təminatı

Ulu Öndər Heydər Əliyevin 1996-cı il 6 fevral tarixli Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib

Konstitusiya hakimiyyətin təşkilinin konseptual başlanğıcını müəyyən etməklə insan hüquqları, siyasi plüralizm, mülkiyyət formalarının çoxnövlülüyü və bərabərliyi, hakimiyyətin qanuni məhdudlaşdırılması və hamılıqla qəbul olunmuş digər demokratik dəyərləri özündə ehtiva edir. Konstitusiya həm də ideoloji funksiyanın həyata keçirilməsində mühüm rol oynayır. Bu ideologiya totalitar rejimlərdən fərqli olaraq hər hansı qrupun və ya siyasi qüvvənin mövqelərinin qorunmasına deyil, ümumilikdə cəmiyyətin demokratik-hüquqi inkişafının təmin edilməsinə yönəlir. Konstitusiya cəmiyyətdə çox mühüm birləşdirici funksiyaya malikdir. Əsas Qanunumuzda hər bir vətəndaş qarşısında dövlətin vahidliyini və bölünməzliyini təmin etmək, onun parçalanmasının qarşısını almağa hazır olmaq kimi vacib tələblərin qoyulması da bunun əyani sübutudur.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu müstəqil Azərbaycanın tarixində ən mühüm hadisələrdən biri olmaqla yanaşı, Ümummilli Liderin ölkəmizin tərəqqisi naminə atdığı təqdirəlayiq addımlardandır. Hələ müstəqilliyimizin bərpa olunduğu ilk illərdə respublikanın bütün sahələrində xaos hökm sürürdü. Xalq Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevi respublika rəhbərliyinə gətirdi. Bu zaman yeni Konstitusiyanın qəbul olunması zərurət idi. Çünki köhnə qanunlar mövcud ictimai-siyasi sistemə uyğun gəlmir, cəmiyyətin həyatını daha da ağırlaşdırırdı. Qanunlarda və idarəetmədə boşluqların olması iqtisadi-siyasi və ictimai həyatda gərginliklər, bir çox problemlər yaradırdı. Heydər Əliyev dühasının nəticəsi olan yeni Konstitusiya 1 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Bu sənəd, həmçinin müstəqil dövlətimizin ilk, Azərbaycan tarixinin isə dördüncü Konstitusiyasıdır.

Respublikamızda Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Dövlətimizin ilk qanunlar toplusu 1921-ci il mayın 19-da SSRİ Konstitusiyasına müvafiq olaraq qəbul edilmişdi. 1925-ci il martın 14-də isə onun yeni redaksiyası hazırlanmışdı. 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiya da SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Sovet qanunlar toplusundan fərqli olaraq müstəqil Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi öz əksini tapmışdı. Məhz bu Konstitusiya tərəfindən hakimiyyət bölgüsünün əsas prinsipləri müəyyənləşdirildi. Heydər Əliyevin müəllifi olduğu Konstitusiya, eyni zamanda insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları qarşısında ümdə vəzifə olaraq qoyur. Bundan başqa, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Azərbaycanda demokratik, hüquqi dövlətin və cəmiyyətin formalaşması, dövlətimizin beynəlxalq təşkilatlara üzv qəbul edilməsi, Avropaya inteqrasiyası sənəddə bəzi dəyişikliklərin aparılmasını tələb edirdi. Beləliklə, 2002-2009 və 2016-cı illərdə referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edildi.

Heydər Əliyevin böyük uzaqgörənlik və cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan milli Konstitusiyanın hazırlanmasına və qəbuluna əlverişli şərait formalaşdı. Ulu öndər Heydər Əliyev Konstitusiyamız haqqında danışarkən deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Konstitusiya, həmçinin müstəqil dövlət quruculuğu prosesini tənzimləməklə yanaşı, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd kimi qiymətləndirilir. Məhz bu sənəd vasitəsilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində hüquqi baza yarandı.

Azərbaycan Respublikasının Konstitusiyası bu gün dünyadakı ən mükəmməl və demokratik qanunlardan təşkil olunub. Konstitusiyamıza əsasən xalqın sosial rifahının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

Nurlan ABDALOV,

"Respublika".