Dekorativ bitkilər şaxtadan qorunur
Region

Dekorativ bitkilər şaxtadan qorunur

Gəncədə abadlıq-quruculuq işləri ilə əlaqədar və şəhərin dekorativ görünüşünün daha da gözəlləşdirilməsi üçün şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma Şöbəsi tərəfindən müxtəlif yerlərdə yeni növ ağac, çiçək və gül kolları əkilir. Gəncə şəhərində ümumilikdə 14 park və istirahət guşəsi var ki, bu, məkanların yaşıllıqlarla təmin edilməsi üçün gülçülük təsərrüfatında mütəmadi olaraq gül-çiçək və müxtəlif növdə ağaclar yetişdirilir.

Onu xüsusilə qeyd etmək lazımdır ki, Gəncə Şəhər MKTİB-in yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinin fəaliyyəti son illərdə daha da genişləndirilib. Belə ki, əgər əvvəllər şəhərin yaşıllıq sahələrini bəzəyən dekorativ bitkilər xaricdən gətirilirdisə, artıq buna ehtiyac qalmayıb. Gəncənin gözəlliyinə əlavə rəng qatan gül-çiçəklərin hamısı burada yetişdirilir. 50 ilə yaxındır şəhərin mərkəzi hissəsini bəzəyərək, zamanın keşiyini çəkən Gəncənin simvolik "Yaşıl təqvim"i də məhz burada hazırlanırdı.

Artıq bu istixanalarda fərqli növdə qızılgüllər, çöbanyastığı və bənövşələr, habelə ətirşah (geran), pirimula, kazaniya, maqnoliya, çinerariya kimi güllər, həmişəyaşıl kollar da yetişdirilir. Bağçılıq təsərrüfatının açıq sahəsində isə çinar, sərv, Eldar şamı, tuya və digər ağaclara rast gəlmək olar. Bitkilərə lazımi qaydada qulluq göstərilməsi üçün burada 2 ədəd 50 tonluq su çəni, böyük hovuz və əlavə yardımçı tikililər mövcuddur. Eyni zamanda, əlavə olaraq şəhərin ümumi görünüşünə estetik gözəllik qatan, xarici ölkələrdən gətirilən nadir dekorativ ağaclar əkilir ki, bunlar xüsusi qulluq tələb edir. Bütün bunlar nəzərə alınaraq, Gəncə şəhərinin yaşıllıq zolaqlarına əkilən dekorativ ağac və gül kollarına Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin aqronomları tərəfindən xüsusi diqqət göstərilir, onların soyuq və şaxtalı havadan qorunması üçün müvafiq tədbirlər həyata keçirilir.

Zabit XƏLİLOV,

"Respublika".