Dayanıqlı iqtisadi inkişaf təmin olunur
İQTİSADİYYAT

Dayanıqlı iqtisadi inkişaf təmin olunur

Ölkələrin sosial-iqtisadi inkişafını şərtləndirən əsas göstəricilər sırasında adambaşına düşən ÜDM-in həcmi, Milli Gəlirin həcmi, orta aylıq əməkhaqqı, əhalinin məşğulluq səviyyəsi, təhsil səviyyəsi, işsizlik səviyyəsi və digər bu kimi sosial-iqtisadi predmetlər əsas yer tutur. Xüsusilə bu göstəricilərin təhlili, ölkələrin özünün beynəlxalq səviyyədə yerinin müəyyən olunmasında, investisiya qoyuluşlarının formalaşmasında, xarici şirkətlərin filial və nümayəndəliklərinin həmin ölkədə açılmasında və s. məsələlərdə mühüm rol oynayır.

Azərbaycanda müstəqilliyin ilk illəri qeyd olunan göstəricilərin çox aşağı olması, gərgin sosial-iqtisadi və siyasi mühitin üstünlük təşkil etməsi xarakterikdir. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra ölkənin və vətəndaşların həyatında yeni və sürətli inkişaf mərhələsinin əsası qoyuldu. Onun düşünülmüş və uzaqgörən rəhbərliyi ilə Azərbaycan gərgin sosial-siyasi proseslərin məngənəsində çırpınan dövlətdən, qısa zamanda ictimai, siyasi və sosial cəhətdən sabit bir ölkəyə çevrildi. Bu istiqamətdə görülən və ölkənin sonrakı inkişafında mühüm rol oynayan əsas işlərdən biri 20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsinin 13 ən böyük neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” olmuşdur. Bu müqavilənin elə bir gərgin vəziyyətdə imzalanması məhz ulu öndərin bacarıqlı siyasətinin nəticəsi idi. Bu hadisədən sonra ölkəyə xarici sərmayə qoyuluşlarının həcmi artdı, eyni zamanda ölkə iqtisadiyyatı böyüməyə başladı. Yeni iş yerlərinin açılması, həm dövlət müəssisələrində, həm də özəl müəssisələrdə ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında məşğul əhalinin sayının nəzərəçarpacaq dərəcədə artımına əsas verdi. Aşağıdakı cədvəldə bunun əyani şahidi olarıq:

Cədvəl-1: İqtisadi fəal əhalinin sayı.

 

1998

1999

2000

2001

2002

İqtisadi fəal əhalinin sayı-cəmi, min nəfər

3743,8

4335,4

4370,2

4368,1

4369,7

İqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar, cəmi, min nəfər

3701,5

3782,8

3855,5

3891,4

3931,1

Məşğulluq xidməti orqanlarında işsizlik statusu verilmiş şəxslər, nəfər

42329

45211

43739

48446

50963

1 saylı cədvəlin məlumatlarından göründüyü kimi, 2002-ci ildə iqtisadi fəal əhalinin sayı 4369,7 min nəfər olmuş, bu da 1998-ci illə müqayisədə 16,7 faiz, məşğul əhalinin sayı isə 6,2 faiz artmışdır.

Sürətli sosial-iqtisadi inkişaf həmin dövrdə yaradılan müəssisə və təşkilatlarında sayında artıma səbəb olmuşdur. Artıq 2002-ci ildə özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, həmçinin 100 % xarici investisiyalı müəssisələrin və xarici səhmdarların, yaxud xarici fiziki şəxslərin iştirakı ilə yaradılan birgə müəssisələrin də sayında əsaslı artımlar olmuşdur.

 

Cədvəl-2: Statistik Vahidlərin Dövlət reyestrində müəssisələrin mülkiyyət növləri üzrə sayı.

 

1996

2000

2002

2002-ci il 1996-cı ilə nisbətən, %

Cəmi

44295

55799

59130

133,5

o cümlədən

 

 

 

 

Dövlət mülkiyyətli müəssisələr

13571

15385

12638

93,1

Bələdiyyə mülkiyyətli müəssisələr

-

-

2685

-

Xüsusi mülkiyyətli müəssisələr

29629

37658

40773

137,6

Xarici mülkiyyətli (100% xarici investisiyalı) müəssisələr

 

602

 

1834

 

2104

 

349,5

Birgə müəssisələr

493

922

957

194,1

2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, artıq xüsusi mülkiyyət növü yüksələn xətlə inkişaf etməyə başlamış, 2002-ci ildə xüsusi mülkiyyətli müəssisələrin sayı 40773 vahid olmuş, 1996-cı illə müqayisədə bu tipli müəssisələrin sayı 37,6 faiz artmışdır. Ölkənin dünyaya sürətli inteqrasiyası nəticəsində 100 % xarici investisiyalı müəssisələrin də sayı 1996-cı ilə nisbətən 2002-ci ildə 3,5 dəfəyə yaxın artaraq 2104 ədəd olmuşdur.

Ümumiyyətlə, 1993-2003-cü illərin sosial-iqtisadi göstəricilərinin təhlili onu göstərir ki, ulu öndərin hakimiyyəti illərində diqqətdən kənarda, inkişafdan kənarda qalan heç bir sahə olmamışdır. Bütün sahələrdə inkişaf dəfələrlə, bəzən 10 dəfədən çox olmuşdur. Əsası ulu öndər tərəfindən qoyulan uğurlu sosial-iqtisadi, siyasi, mədəni inkişaf bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə cənab Prezidentin birbaşa rəhbərliyi, ordumuzun şücaəti və xalqımızın birliyi ilə 2020-ci ildə 27 sentyabrdan 10 noyabra qədər davam edən İkinci Qarabağ müharibəsində əzəli torpaqlarımızın düşmənlərdən azad olunması uğurlu siyasi kursun möhtəşəmliyinin  qələbəsi idi. Məhz bu qələbənin əldə olunmasında ölkənin iqtisadi qüdrətinin də müstəsna rolu olmuşdur. Həmçinin qələbədən sonra düşmən tərəfindən uzun illər işğal altında saxlanılaraq vəhşicəsinə dağıdılmış şəhərlərin, kəndlərin, qəsəbələrin yenidən qurulmasında güclü iqtisadiyyatın və maliyyə dayanıqlığının olması vacib şərtlərdəndir. Müharibənin başa çatmasının ilk günlərindən ölkə Başçısının müvafiq sərəncam və göstərişləri, həmçinin birbaşa iştirakı ilə həmin ərazilərdə sürətli infrastruktur və sosial layihələrin icrasına başlanıldı. Bu gün artıq iki yaşayış məntəqəsi Ağalı və Talış kəndləri yenidən qurularaq əsl sahiblərinin, keçmiş köçkünlərin istifadəsinə verilib.

Beləliklə, əsası ulu öndər tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasi kurs Azərbaycanın daha da inkişaf etməsində və qüdrətlənməsində mühüm rol oynayacaqdır.

Novruz HÜSEYNOV,

İmişli rayon Statistika İdarəsinin rəisi.