Daşkəsəndə kartof yığımı
Bölgələr

Daşkəsəndə kartof yığımı

Ölkənin sosial-iqtisadi həyatında qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində əlverişli, münbit şərait yaradılmışdır. Kənd təsərrüfatı istehsalı və emalı sahəsinin inkişafı, o cümlədən cins heyvandarlıq, kartofçuluq və arıçılıq istiqamətində Daşkəsən rayonunda da həyata keçirilən əməli tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, dövlətin dəstəyi ilə kənd təsərrüfatının inkişafı və ərzaq bolluğunun yaradılması istiqamətində iri addımlar atılmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayonda kartof yığımı işləri ilə yerində tanış olmaq üçün əkin sahələrində olmuşdur. Kənd sakinləri və fermerlərlə görüşən Vüqar Məmmədov onların problemləri ilə maraqlanaraq həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Qeyd edək ki, aqrar rayonlardan olan Daşkəsəndə 2023-cü ildə ümumilikdə 400,2 ha sahədə kartof bitkisi əkilmişdir. Yerli relyef və iqlim şəraitinə uyğun olaraq əkin işləri ancaq dəmyə üsulu ilə aparılmışdır. Torpaqların münbitliyinin qorunması, bərpası, artırılması və mühafizəsi sahəsində aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və digər kompleks tədbirlər həyata keçirilmişdir.  34,27 hektar kartof sahəsində kolorado kartof böcəyi ilə yoluxma müşahidə olunmuş və 26,47 hektarda mübarizə işləri aparılmışdır: 56,28 ha sahədə isə fitoftora xəstəliyi ilə bağlı yoluxma müşahidə olunmuş və 28,78 hektarda kimyəvi mübarizə tədbirləri görülmüşdür.

Bu il məhsuldarlıq hər hektardan 15-20 ton təşkil edir. Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən fermerlərə maşın və mexanizmlərin təşkil olunması üçün müvafiq köməklik göstərilir. Hazırda kartof yığımı işləri sürətlə davam etdirilir.

Zabit XƏLİLOV,

"Respublika".