İsmayıllı: Şəhidlərin xatirəsinə turnir
Region

İsmayıllı: Şəhidlərin xatirəsinə turnir

Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını təbliğ etmək və gənclər arasında vətənpərvərlik tərbiyəsini yüksəltmək üçün respublikamızın bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da mütəmadi tədbirlər keçirilir.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq İsmayıllı Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə Vətən Müharibəsi şəhidləri Orxan Lətifli və Tural Şıxızadənin xatirələrinə həsr olunmuş 2007-2009-cu il təvəllüdlü oğlanlar arasında İsmayıllı rayon açıq birinciliyi təşkil olunub.

İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı və Ucar rayon komandalarının iştirak etdiyi açıq rayon birinciliyində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

176 yeniyetmə və gənc idmançının iştirak etdiyi turnir gərgin mübarizə şəraitində keçib və qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, yeniyetmə və gənc idmançıların, cüdo idman növünün inkişafı və kütləviliyinin təbliği və təşviqi məqsədilə keçirilən yarışda mükafatların sayına görə komanda hesabında birinci yeri İsmayıllı, ikinci yeri Qobustan və üçüncü yeri isə Şamaxı komandası tutub.

M.NƏRİMANOĞLU,

"Respublika".