QƏLƏBƏ RƏMZİ ŞƏHƏR
Siyasət

QƏLƏBƏ RƏMZİ ŞƏHƏR

Şuşa şəhəri işğaldan azad edildikdən sonra yenidən qurulur. Qafqazın sənət məbədi olan bu bölgə bir çox beynəlxalq tədbirlərə evsahibliyi edir. Belə mötəbər tədbirlərin burada keçirilməsi Azərbaycanın sənət beşiyi Şuşaya verilən dəyərin göstəricisidir. Şəhər Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının əhəmiyyətli mərkəzlərindən, həmçinin İslam sivilizasiyasının simvollarından biridir. 2022-ci il Azərbaycanda "Şuşa İli" elan edilib. Burada musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni tədbirlər keçirilib. Nümunə olaraq, ənənəvi "Xarıbülbül" Musiqi Festivalını göstərmək olar.

Şuşa 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl bu festival bir neçə dəfə keçirilib. Bunun, Zaqafqaziyanın konservatoriyası, Azərbaycan musiqisinin beşiyi olan Şuşada keçirilməsi tam yerinə düşür.

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Bir çox dahi sənətkarlar, mədəniyyət xadimləri yetişdirmiş bu şəhəri dirçəltmək, türk dövlətləri üçün də xüsusi əhəmiyyət daşıyır: "İnşallah, hər il Şuşamızda Qlobal Media Forumu keçiriləcək". Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.

18-19 sentyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində "Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. "Şuşa İli" çərçivəsində gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub. Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edib.

2023-cü il iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən və sualları cavablandıran Prezident İlham Əliyev deyib: "Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq". Forum, regionla yaxından maraqlanan dünyanın aparıcı beyin mərkəzlərini təmsil edən xarici ekspertləri bir araya gətirib. Onları urbisid, mədəni soyqırımı, ekosistemlə bağlı problemlərlə tanış edib. Burada, həmçinin regional sülh və əməkdaşlıq imkanları müzakirə edilib.

Qətər dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim edilib. Daha sonra tədbirdə Şuşa ilə bağlı videoçarx nümayiş olunub. Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

O cümlədən, 4-5 oktyabrda İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında qəbul edilmiş Ərdəbil Bəyannaməsində Şuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üzrə turizm paytaxtı seçilməsi də yer alıb. Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbir çərçivəsində üzvlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair müzakirələr keçirilib. Tədbirdə turizm sektoru sahəsində qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər barədə müzakirələr də aparılıb.

Bütün bunlar Şuşanın Qarabağda beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm məkan olmasının sübutudur. Şuşa həm də zəngin memarlıq və tarixi irsə malikdir. 270 illik tarixə, memarlıq və şəhərsalma mədəniyyətinə malik Şuşa Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".