Diplomatik korpus Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynayır
Siyasət

Diplomatik korpus Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynayır

Sentyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi müzakirə olunub. Ceyhun Bayramov son günlər cəbhədə baş verən qeyri-sabit vəziyyət barədə danışıb. Həmçinin Laçın yolu ətrafında Ermənistanın "blokada" və "humanitar yardım" iddialarının əsassız olduğunu bildirən Azərbaycanın xarici işlər naziri bu yolun Azərbaycanın legitim hüququ olduğunu və Ermənistana daha unikal olan Ağdam-Xankəndi yolunun təklif edildiyini bir daha açıqlayıb.

Təbii ki, son günlərdə zənglərin ardı-arası kəsilmir. Avropa İttifaqının münaqişənin həlli üçün vasitəçi rolunda uğurlu çıxış etdiyini demək olar. Lakin sentyabrın 6-da Avropa İttifaqının Azərbaycanın suveren ərazisi olan Laçın yolu ilə bağlı birtərəfli bəyanatla çıxış etməsi bu qurumun obyektivliyinə və qərəzsizliyinə ciddi zərbə vurub. Bəyanatda guya "Laçın yolunun tamamilə bağlanması", "ərazidə ağır humanitar nəticələrin olması" və digər əsassız fikirlər yer alır. Yerli sakinlərin Laçın yolu üzərindən hər iki istiqamət üzrə sərbəst və təhlükəsiz keçidinin təmin olunması tələb olunur. Avropa İttifaqı Bəyanatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda yaşayan erməni sakinlərə humanitar yardımı çatdıra bilməməsindən də narahat olduğunu bildirir. Təbii ki, burada ikili yanaşmanın pik həddə olduğu müşahidə olunur. Bəlkə də münaqişənin tarixi barədə xəbəri olmayan bəzi şəxslər bu cür əsassız bəyanatlarla çıxış edirlər. Aİ Azərbaycan tərəfinin münaqişənin həlli üçün etdiklərini görmür. İki həftəyə yaxındır Ağdamda gözləyən 40 ton humanitar yardıma reaksiya verilmir. Görünür, əksər qüvvələr kimi, Aİ də hayların "yazıq" imicindən çox təsirlənib.

Sentyabrın 7-də Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında da telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub. Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Ceyhun Bayramov son dövrlərdə mütəmadi səfərlərdə olur və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynayır. Təbii ki, bu xüsusda Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də böyük səylərini qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsi dövründə xalqın inam və iradə nümunəsinin biri hesab edilən Hikmət Hacıyev bu baxımdan, ölkə xaricində də geniş tanınır. O dövrlərdə Qarabağ müharibəsi ilə bağlı reallıqları çatdırarkən Azərbaycanı qürurla təmsil edirdi.

30 ilə yaxın dövrdə reallıqları çılpaq şəkildə dünyaya çatdıran Azərbaycanın səsinə səs verən qurumlar az idi. Ermənistan beynəlxalq aləmdə "yazıq" imici formalaşdırmağa nail olmuşdu. Erməni təəssübkeşliyi getdikcə artırdı. Azərbaycanın 44 gün ərzində əks-əməliyyatlarla cəbhədəki qələbəsi siyasi arenada təmin olundu. İşğaldan azad olunan ərazilərdə erməni vandallığının bütün dünyaya çatdırılması prosesinin Azərbaycanın diplomatik korpusu tərəfindən aktiv şəkildə aparıldığı müşahidə olunur. İstər telefon zəngləri, istərsə də səfərlər bu reallıqların çatdırılmasında böyük rol oynayır. Bu Hikmət Hacıyev və Ceyhun Bayramov nümunəsində daha aydın hiss olunsa da, digər diplomatik nümayəndələrimizin də səylərini yüksək qiymətləndirmək lazımdır. Azərbaycanın 2020-ci ildə cəbhədə qələbəsi beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin çatdırılması üçün açar rolu oynadı. Azərbaycan qazanılmış bu üstünlüyü "Böyük qayıdış" və bərpa-quruculuq layihələri ilə birləşdirərək Qarabağın kimin olduğunu bütün dünyaya bəyan etdi.

Tacir SADIQOV,

"Respublika".