Danışıqlar neytral ölkədə aparılmalıdır
Siyasət

Danışıqlar neytral ölkədə aparılmalıdır

"Oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi... Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın Baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış". Bu sözləri ölkə başçımız MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib.

Ermənistan tərəfinin Bişkek görüşünü qəbul etməməsi bir neçə aspektdən təhlil edilə bilər. İlk növbədə, buradan onu anlayırıq ki, əvvəlcə Rusiyanın, indi isə Fransanın "forpost"u olan Qərb qonşumuz öz himayədarı olmadan heç nə edə bilmir.

Digər bir tərəfdən Ermənistan Rusiyanın rəhbərlik etdiyi masaya danışıqlar üçün getmək istəmir. Qərb qonşumuzun Rusiya masasına əyləşməsi kommunikasiya və sərhədlərin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər ki, bu da İrəvan üzərindən bölgəyə daxil olan Qərbin dəstəyindən də məhrum olmaq riskinə bərabərdir. Bununla yanaşı, hazırda Ermənistan və Rusiya arasındakı təmaslar da minimuma enib, İrəvanın anti-Rusiya siyasətini gücləndirməsi Kremldə qəzəb doğurur. Paşinyan hakimiyyəti çox yaxşı bilir ki, Rusiya Ermənistanın bu addımlarına baxmayaraq, hər iki dövlətin müttəfiqidir. Buna əsasən də Azərbaycan və Ermənistanın müddəaları dinlənəcək, nəticədə hər hansı ortaq nöqtəyə ya gəlinəcək, ya da proses yenə uzanacaq. Lakin Qərb qonşumuz bu variantların heç birinə razı deyil. Onun niyyəti Azərbaycanı Fransanın liderlik etdiyi və sadəcə qərəzli, əsassız iddiaların olduğu masaya çəkməkdir. Bu isə tamamilə mümkünsüzdür. Şübhəsiz ki, bu masada kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasına yanaşma ölkəmizin gündəliyinə tamamilə ziddir. Bununla yanaşı, Şarl Mişelin Brüssel formatına qayıtmaq təklifi qəbul edilsə belə, prinsipial məsələlərdə razılaşmanın əldə ediləcəyi gözləntisi demək olar ki, sıfra bərabərdir.

Ermənistan Bişkekdən imtina etməklə demarş edir. Belə ki, Azərbaycan bundan bir neçə gün əvvəl kommunikasiya və sərhədlərin delimitasiyası məsələsində Paşinyanın istəklərinin yer aldığı Qərb masasından, Qranada görüşündən imtina edib. Çünki Qranada görüşü Azərbaycan üçün sadəcə vaxt itkisi olacaqdı. Qərb masasında müvafiq məsələlər Bakının gündəliyinə uyğun qoyulmadığı üçün prosesin inkişafında Azərbaycanın hansı masanı seçəcəyi həlledici rol oynayacaq.

Mövcud situasiyada Bakı və İrəvanın danışıqlar üçün Qərb və Rusiya masasının problemli olduğu aydın məsələdir. Belə olduğu təqdirdə ölkə başçımızın təklifinə əsasən Tbilisi Bakı və İrəvan danışıqları üçün yeni platformaya çevrilə bilər. Neytral, həm də Cənubi Qafqaz ölkəsi olaraq, Gürcüstanın danışıqlarda xüsusi rol oynayacağı gözlənilir. Şübhəsiz ki, sonda Azərbaycanın sülh iperativləri bərqərar olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".