DAĞLAR DİYARININ İNKİŞAFI ULU ÖNDƏRİN MİSİLSİZ QAYĞISININ PARLAQ NÜMUNƏSİDİR
Digər xəbərlər

DAĞLAR DİYARININ İNKİŞAFI ULU ÖNDƏRİN MİSİLSİZ QAYĞISININ PARLAQ NÜMUNƏSİDİR

Lerik Rayon İcra Hakimiyyətinin "Respublika" qəzeti ilə birgə keçirdiyi "Dəyirmi masa"da bu barədə ətraflı söhbət açılıb

Lerik ölkəmizin cənub sərhədində yerləşir. Səfalı, füsunkar təbiəti, görkəmli dövlət xadimləri, elm, sənət adamları, adlı-sanlı ziyalıları, nüfuzlu ağsaqqalları, halal, zəhmətkeş insanları ilə tanınır. Bu yerlərin saf, qədirbilən camaatı bütün dövrlərdə Vətən sevgisi, dövlətə, dövlətçiliyə sədaqətləri ilə seçilib. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev çətin dağlıq şəraitində qurub-yaradan insanların zəhmətini, fədakarlığını yüksək qiymətləndirmişdir: "Lerik Azərbaycanın ucqar dağ rayonudur... Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq çox böyük sınaqlardan keçib".

Leriklilər müdrik rəhbərin Vətən və xalqımız qarşısında müstəsna xidmətlərini, dağlar diyarının inkişafına göstərdiyi qayğını daim ehtiramla, sonsuz məhəbbətlə xatırlayırlar. Ümummilli liderin anadan olmasının 100 illiyi rayonda rəhbərin xatirəsinə sonsuz sevgi və məhəbbətlə qeyd olunur. "Heydər Əliyev İli" çərçivəsində rayonun hər yerində silsilə tədbirlər keçirilir, qədirbilən leriklilər dahi şəxsiyyətə məhəbbət və ehtiramlarını əyani nümayiş etdirirlər.

Lerik Rayon İcra Hakimiyyətinin redaksiyamızla birgə təşkil etdiyi tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər iştirak edirdilər. İcra hakimiyyətinin başçısı Əkbər Abbasov "Dəyirmi masa"nı giriş sözü ilə açaraq dedi:

- Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin ölkə mətbuatında böyük hörmətə, nüfuza malik rəsmi "Respublika" qəzeti ilə keçirməyimizi çox təqdirəlayiq hesab edirəm. Əlamətdar yubileylə bağlı qəzetin hər nömrəsində dərin məzmunlu, sanballı yazılar dərc olunur. Redaksiyanın yaradıcı kollektivi ulu öndərin mənalı ömür yolu, zəngin, çoxşaxəli dövlətçilik fəaliyyəti, yüksək humanizmi, insanpərvərliyi, xeyirxahlığı haqqında yüksək peşəkarlıqla qələmə alınmış yazıları geniş oxucu auditoriyasına çatdırır.

Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, onu əbədi, sarsılmaz dövlət müstəqilliyinə qovuşdurmuş qüdrətli, əbədiyaşar liderdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz bu dahi şəxsiyyətin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq, tənəzzül hökm sürür, respublika iqtisadi göstəricilərinə görə İttifaq miqyasında sonuncu yerlərdən birini tuturdu. Azərbaycana rəhbər seçilən Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, yüksək təşkilatçılığı, polad iradəsi, qətiyyətli qərarları ilə respublikamızı qısa müddətdə inkişaf, tərəqqi, yüksəliş yoluna çıxarmışdır.

1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olmuşdur. O illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, çoxlu obyektlər tikilib istifadəyə verilmiş, 630 min yeni iş yerləri açılmışdır.

Sənaye istehsalı 2,7 dəfə, gündəlik tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 - 2,6 dəfə artmışdır. 1970-ci illərin sonunda Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə artıq İttifaqın əksər respublikalarını geridə qoyurdu.

Ulu öndərin hakimiyyətdə olduğu dövrdə ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da dinamik inkişaf, tərəqqi təmin olunmuşdur. 1974-cü ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə rayonda ilk dəfə olaraq üzüm bağları salınmış, qısa müddət ərzində plantasiyaların sahəsi 3500 hektara çatdırılmışdır. Əliabad və Züvüç kəndlərində şərab zavodları inşa edilmiş, şərab istehsalı 770 tondan 1490 tona yüksəlmişdir. Sosialist Kubasından 100 baş iribuynuzlu zebu gətirilərək rayonun Lüləkəran kəndi ərazisində yeni, müasir heyvandarlıq təsərrüfatı yaradılmışdır. 1982-ci ilədək hər biri bir tondan artıq ət verən zebuların sayı 1200 başa çatdırılmışdır.

Ulu öndər sovet rejiminin sərt qadağalarına baxmayaraq, xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası, azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atmışdır. Ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

1990-cı illərin əvvəllərində naşı, təcrübəsiz rəhbərlərin səhvi üzündən Azərbaycan böyük faciələrlə üzləşmiş, müstəqilliyini itirmək və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir dönəmdə xalqın təkidli tələbi ilə respublikamızda ikinci dəfə ali hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin, xalqın xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələri bürümüş dərin tənəzzülün, böhranın qarşısı alındı, dövlətçiliyimiz çevriliş cəhdlərindən qorundu. Ölkədə möhkəm ictimai-siyasi sabitlik, əmin-amanlıq yaradıldı.

1994-cü il sentyabrın 20-də Gülüstan sarayında dünyanın məşhur neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan dünyada neft ölkəsi kimi tanınmağa başladı.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanıldı. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu.

Kənd təsərrüfatı yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli liderin təşəbbüsü ilə MDB məkanında ilk dəfə olaraq torpaq və aqrar islahatlar həyata keçirildi.

Aparılan uğurlu islahatlar Lerik rayonunda da kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açdı. Rayonda yararlı torpaqlardan səmərəli istifadə edilərək əkin sahələri artırıldı, taxılçılıq, kartofçuluq, tərəvəzçilik, heyvandarlıq sahəsində yüksək nəticələr əldə olundu.

Ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yürütməsinə, əhalinin rifah halının yüksəlməsinə geniş imkanlar yaradır.

Vətən müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən əsarətindən azad etdi. Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdı. Ölkəmizin regionun lider dövləti, beynəlxalq aləmdə söz sahibi olması ilə hər birimiz qürur duyuruq. Artıq dünya gücləri müstəqil Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır.

Azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri görülür, Böyük Qayıdış proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirilir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi, nüfuzu yüksəlir.

Qəzetimizin bölgə müxbiri Əlisəfa Həsənov "Heydər Əliyev İli" ilə əlaqədar qəzetdə müntəzəm yazıların dərc olunduğunu, 10 may tarixində "Respublika" qəzetinin 32 səhifəlik yubiley nömrəsinin işıq üzü gördüyünü diqqətə çatdırdı. Ulu öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Lerikin inkişafına xüsusi qayğı göstərildiyini vurğulayaraq dedi:

- 1970-ci illərdə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə respublikamızın dağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında hökumət qərarı qəbul olundu. Bu qərar Lerikin inkişafına yeni stimul verdi. Rayonda kənd təsərrüfatının sənaye təməli üzərində qurulması, məhsul bolluğunun yaradılması, sosial problemlərin həlli istiqamətində mühüm işlər görüldü. Keçən əsrin 70-80-ci illərində rayon mərkəzi, kəndlər abadlaşdırıldı, yaşayış məntəqələrinə rahat yollar çəkildi, çoxlu sayda məktəb, xəstəxana, ticarət, sosial obyektlər tikildi.

O illərdə müdrik rəhbərin qayğısı sayəsində lerikli gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil alaraq rəhbər vəzifələrə irəli çəkilirdilər. Dahi şəxsiyyətin Lerikə və leriklilərə göstərdiyi yüksək diqqət və qayğı yaddaşlarda silinməz iz qoyub.

Əbədiyaşar liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə ilk dəfə 2006-cı ildə Lerikə təbii qaz xətləri çəkilərək rayonun 56 yaşayış məntəqəsi qazlaşdırılıb. 56 kilometrlik Lənkəran-Lerik, 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, 36 kilometrlik Noda-Şingədulan-Xanagəh, 27 kilometrlik Piran-Hamarat-Vıjaker, 23 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolu əsaslı şəkildə təmir edilib. Ulu öndərin siyasi kursuna sadiqlik, sədaqət nümayiş etdirən dağlar diyarının sakinləri əzmkarlıqla çalışır, doğma rayonun, müstəqil Azərbaycanın inkişafına sanballı töhfələr verirlər.

Elxan Qənbərov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri:

- Müstəqil, suveren, demokratik Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin siyasi fəaliyyəti zəngin və çoxşaxəlidir. Ölkəmizin suverenliyi, ərazi bütövlüyünün qorunması onun həmişə diqqət mərkəzində olmuşdur. Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçiləndə torpaqlarımızın bir qismi itirilmişdi və ermənilər daha çox torpağa yiyələnmək arzusunda idilər. Moskvanın təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il may ayının 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazisindən 2000 hektardan çox torpağın Ermənistana verilməsi haqqında 1938-ci il may ayının 5-də qəbul etdiyi qərarı təsdiq etdi. Heydər Əliyev bu qərarın icrasını dərhal dayandırdı. Bu məsələyə yenidən baxılmasını təkidlə Kreml rəhbərlərinin qarşısına qoydu. Mərkəzdəki erməni və ermənipərəst qüvvələr qərarın icrasında israrlı olsalar da, Heydər Əliyev buna imkan vermədi. Xalqımızın mənafeyini hər şeydən üstün tutan dahi rəhbərin polad iradəsi sayəsində Moskva geri çəkildi.

1977-ci ildə SSRİ Konstitusiyası və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən erməni separatçıları Dağlıq Qarabağ məsələsini yenidən mərkəz qarşısında qaldırdılar. Heydər Əliyev SSRİ-nin rəhbəri L.İ.Brejnevlə görüşüb namərd qonşularımızın növbəti təxribatının qarşısını aldı.

Heydər Əliyev 1987-ci ildə siyasi hakimiyyətdən istefa verdikdən sonra Azərbaycanı idarə edən naşı, səriştəsiz adamların rəhbərliyi ucbatınından 20 Yanvar faciəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın 20 faizi işğal olundu.

Hakimiyyətdə olan bacarıqsız rəhbərlər ölkəni ağır vəziyyətdən çıxarmaqda aciz olduqlarından böyük həyat və idarəçilik təcrübəsinə malik Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Ulu öndər çıxışlarında həmişə deyirdi ki, bir gün gələcək, Qarabağ azad ediləcək, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdacaqlar. Dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimizin qətiyyətli sərkərdəliyi, milli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi, xalqımızın torpaq həsrətinə birdəfəlik son qoyuldu.

Baladdin Şükürov, Lerik Rayon Dövlət Arxivinin müdiri:

- Fəxrlə deyə bilərəm ki, ulu öndərin xeyir-duası ilə respublikadan kənarda ali təhsil almağa göndərilən minlərlə gəncin sırasında mən də olmuşam. 1978-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş və 1983-cü ildə akademiyanı meyvə-tərəvəzçilik və üzümçülük ixtisası üzrə bitirmişəm.

Hər il avqustun 30-da ümummilli lider respublikamızdan kənarda təhsil almağa göndərilən tələbələrlə görüş keçirirdi. 1978-ci ilin avqustunda Heydər Əliyevin Respublika Sarayında birinci kurs tələbələri ilə görüşünü həmişə minnətdarlıqla xatırlayıram. Müdrik rəhbər bizə yaxşı oxumağı, kamil mütəxəssis kimi Vətənə dönməyi tapşırdı.

Təhsil illərində respublika rəhbərinin diqqətini, köməyini daim hiss edirdik. Yaxşı yadımdadır, ikinci kursda oxuyurdum. Ulu öndər Maksim Qorki adına Moskva Akademik Teatrında azərbaycanlı tələbələrlə görüşdü. Bu görüşdə SSRİ-nin partiya və dövlət xadimləri, nazirlər, komitə sədrləri, ali məktəblərin rektorları, təhsil aldığım Akademiyanın rektoru da iştirak edirdi. Biz azərbaycanlı tələbələr respublikamızın rəhbəri ilə fəxr edirdik. Sevinirdik ki, Heydər Əliyev həmişə təhsilimizlə, məişətimizlə, qayğı və problemlərimizlə maraqlanır.

Ali təhsilimi başa vurduqdan sonra doğma rayona qayıtdım. Müxtəlif vəzifələrdə işlədim. Bu gün hər birimiz iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq.

Hüsaməddin Abbasov, Lerik şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru:

- Ulu öndər mədəniyyəti xalqın böyük sərvəti və iftixar mənbəyi hesab edirdi. Azərbaycan mədəniyyəti öz böyük hamisinin yüksək qayğısı sayəsində möhtəşəm, şanlı inkişaf yolu keçib. Milli və ümumbəşəri dəyərləri dərindən bilən Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, yüksək təşkilatçılıq nümunəsi göstərib.

1980-ci ildə dahi rəhbərin təşəbbüsü ilə Azərbaycanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradıldı. Teatr, kino və mədəniyyətimizin digər sahələri dövlət qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoydu.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderin mədəniyyət siyasətini uğurla davam etdirir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatr binaları, muzeylər, kitabxanalar təmir olunur. Mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirilir, sənət adamlarına dövlətimiz yüksək qayğı göstərir. Ulu öndərin mədəniyyət sahəsində əsasını qoyduğu ənənələr yaşayır və uğurla davam etdirilir.       

Hüseynbala Əliyev, təhsil işçisi:

- Ulu öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqilliyini görür, yüksəkixtisaslı milli kadr potensialının yaradılmasına böyük əhəmiyyət verirdi. 1969-1982-ci illərdə ölkəmizdə 770-ə yaxın məktəb binası tikilib, ali məktəblərin sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb. Moskvanın etirazlarına baxmayaraq, rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib, ana dilində təhsilə daha çox üstünlük verilib.

O illərdə SSRİ-nin 170-dən çox məşhur ali məktəblərində respublikamızda daha çox ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 17 minədək azərbaycanlı gənc təhsil alıb.

Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil olundu. Ulu öndər bu məktəbin əhəmiyyəti barədə belə demişdir: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və digər ali hərbi məktəblərdə yetişən milli zabit korpusunun Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən hərbçilər Vətən müharibəsində misilsiz igidlik və qəhrəmanlıqlar göstərdilər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov "Dəyirmi masa" tədbirini yekunlaşdıraraq qeyd etdi ki, xalqımız ulu öndərin əziz xatirəsini daim uca tutur və onu həmişə minnətdarlıqla yad edir. Müstəqil Azərbaycan ümummilli liderin bugünkü və gələcək nəsillərə əmanəti, zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev də əbədi yaşayacaqdır.

"Respublika".