Sülh prosesi qərb blokunun əli ilə ləngidilir
Digər xəbərlər

Sülh prosesi qərb blokunun əli ilə ləngidilir

Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi fikirlər əslində təəccüblü deyil. Son Brüssel görüşündən sonra Ermənistan faktiki olaraq Fransanın və digər Qərb dövlətlərinin təlimatı ilə sülh danışıqlarını sabotaj etmək üçün müxtəlif bəhanələr uydurdu. İyul ayının sonunda Laçınla sərhəddə "humanitar böhran" adı altında təxribat törətdi. Bunun ardından Azərbaycana qarşı genişmiqyaslı əks-təbliğat, qarayaxma kampaniyasına başlanıldı. Azərbaycandan müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və digər instansiyalara əsassız şikayətlər edildi ki, bu da sülh danışıqlarına ciddi şəkildə zərbə vurdu. Azərbaycan bütün formatlardakı görüşlərdə Ermənistandan Qarabağ ərazisində saxladığı 10 min nəfərlik hərbi birləşmələrinin çıxarılmasını tələb edirdi ki, bu, həm də Ermənistanın üçtərəfli Bəyanatı imzalayarkən öz üzərinə götürdüyü öhdəliyidir. Ermənistan bunu təxminən üç il müddətində həyata keçirməkdən faktiki olaraq imtina etmişdi və öhdəlikləri yerinə yetirmək əvəzinə bölgəyə minalar daşıyırdı. Bölgədəki hərbi birləşmələrin silah-sursatla təchizatı davam etdirilirdi. Bu baxımdan Azərbaycanın konstruktiv mövqeyini heçə sayan düşmən ölkə sülh prosesini əngəlləyirdi.

Azərbaycan 19-20 sentyabr tarixləri arasında keçirdiyi antiterror tədbirləri ilə bütün məsələlərə son qoydu. Bundan sonra Qərb platformaları, o cümlədən Avropa İttifaqı və ona bağlı qurumlar ölkəmizə qarşı genişmiqyaslı əks-təbliğat savaşını daha da gücləndirdilər. Xüsusilə də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin anti-Azərbaycan çıxışları və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi məlum qətnamələr ölkəmizə qarşı başladılan savaşdan xəbər verirdi. Belə bir şəraitdə təbii ki, Azərbaycan Avropa İttifaqının öz bitərəfliyini tamamən kənara qoyaraq Ermənistanın mövqeyindən çıxış etməsinə adekvat cavab verdi.

Ermənistan Fransanın və ABŞ-ın təlimatları əsasında hərəkət edir. Sözsüz ki, bu şərtlər altında sülh bir qədər uzaqdır. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və İttifaqa üzv ölkələrin səfirləri ilə görüşündə növbəti dəfə absurd fikirlər səsləndirdi. Bu baxımdan Ermənistan tərəfindən bu cür bəyanatların səsləndirilməsi, sadəcə olaraq beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaq və Azərbaycanın imicini aşağı salmaq məqsədi daşıyır ki, gələcəkdə imzalanacaq sülh müqaviləsində şərtlər Ermənistanın lehinə yumşaldılsın.

Oqtay QASIMOV,

politoloq.