DAĞ RAYONUNUN SƏHİYYƏ QAYĞILARI
Səhiyyə

DAĞ RAYONUNUN SƏHİYYƏ QAYĞILARI

Lerikdə  45 həkim, 56 nəfərdən çox orta ixtisaslı tibb işçisi çatışmır

Lerik respublikamızın ən ucqar rayonlarından biridir. Dağlar diyarında bir şəhər və 161 kənd var. Əhalisinin sayı 87346 nəfərdir. Sakinlərin 89,7 faizi kənd şəraitində yaşayır.

Lerik respublikamızda uzunömürlülər diyarı kimi tanınır. Vaxtilə bu ulu, əzəmətli dağların qoynunda saf suya, təmiz havaya, normal ekoloji duruma malik rayonda 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Leriklilər bununla həmişə fəxr ediblər. Təəssüf ki, indi bu statistika heç də ürəkaçan deyil.

 Dağlar diyarının kifayət qədər çətinlikləri, sosial qayğıları mövcuddur. O cümlədən səhiyyə sahəsində də problemlər az deyil. Bu, rayon rəhbərliyini, əhalinin sağlamlığı keşiyində duran tibb işçilərini, yerli sakinləri həmişə narahat edir.

Əhalinin sağlamlığını 80 çarpayılıq mərkəzi xəstəxana publik hüquqi şəxs, Əliabad, Peştətük və Veri kəndlərində ailə sağlamlıq mərkəzləri, 22 həkim və 32 tibb məntəqəsinin kollektivi qoruyur. Səhiyyə müəssisələrində 50 nəfər həkim və 169 nəfər tibb işçisi çalışır.

2010-cu ildə dövlət qayğısı sayəsində rayon mərkəzi xəstəxanasının dördmərtəbəli binası əsaslı təmir edilib. Xəstəxana hər cür tibbi avadanlıq, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi ilə təchiz olunub. Burada poliklinika, qəbul, infeksion, terapiya, doğuş, ginekologiya, cərrahiyyə, reanimasiya, intensiv terapiya, uşaq xəstəlikləri şöbələrinin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 2010-cu il iyun ayının 25-də Lerikə növbəti səfəri zamanı əsaslı yenidənqurmadan sonra rayon mərkəzi xəstəxanasında yaradılmış şəraitlə yaxından tanış olub və kollektivə xeyir-dua verib. Səhiyyə işçiləri Prezidentin etimadını doğrultmaq, əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq üçün səylərini əsirgəmirlər.

Lakin Lerik səhiyyəsində kifayət qədər kadr çatışmazlığı və digər problemlər var. Rayonun səhiyyə müəssisələrində 45 nəfər ixtisaslı həkim, 56 nəfərdən çox orta ixtisas təhsilli tibb işçisi çatışmır. Rayon mərkəzi xəstəxanasında 2 cərrah, dəri-zöhrəvi, uroloq, qastroenteroloq, 3 psixiatr, narkoloq, onkoloq, otolorinqoloq, rentgenoloq, laboratoriya, anestezioloq, reanimatoloq, 2 infeksionist həkimə, kəndlərdə terapevt və pediatrlara ciddi ehtiyac vardır. Kadr olmadığından rayonun 18 kəndində tibb məntəqələri fəaliyyət göstərmir.

İxtisaslı həkim çatışmadığından xəstələr uzaq kəndlərdən qonşu Lənkəran, Masallı rayonlarının, Sumqayıt və Bakı şəhərlərinin tibb ocaqlarına üz tuturlar. Müayinə, cərrahi əməliyyatlara görə daha çox Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə müraciət olunur.

Lerikin mürəkkəb relyefini, çətinliklərini nəzərə alan gənc həkimlər rayona gəlmək istəmir, daha çox paytaxtda və digər mərkəzi şəhərlərdə işləməyə üstünlük verirlər. Lerik kimi uzaq, ucqar dağ rayonlarında işləyən həkimlərin, digər tibb işçilərinin əməkhaqlarının artırılmasına və müəyyən güzəştlərin tətbiqinə ciddi ehtiyac duyulur. Bu, rayon səhiyyəsində kadr təchizatının yaxşılaşmasına müsbət təsir göstərəcəkdir.

Bu günlərdə Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əslən Lerikdən olan respublikamızın görkəmli alimlərinin, ziyalılarının, tanınmış iş adamlarının iştirakı ilə keçirilən görüşdə də səhiyyənin problemləri barədə narahatlıqla söhbət açılıb.

TƏBİB-in koordinasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Mübariz Ağayev və M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin şöbə rəhbəri, tibb elmləri doktoru, professor, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov Lerik səhiyyəsinin ixtisaslı, peşəkar həkim kadrlarına ciddi ehtiyacı olduğunu nəzərə alaraq ayda bir dəfə Bakıda, Sumqayıtda çalışan həmkarlarını Lerikə gəlib xəstələrin müayinəsində və cərrahi əməliyyatlarda iştiraka, şəhid ailələrinə, qazilərə, imkansız şəxslərə təmənnasız yardım etməyə çağırıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Pərviz Hacıyev təşəbbüsə ilkin qoşularaq yarımştatla Lerikdə cərrah kimi fəaliyyətə başlayıb. Uzun fasilədən sonra Lerik rayon mərkəzi xəstəxanasında ilk cərrahiyyə əməliyyatı Amburdərə kənd sakini Rüstəm Əkbərovun üzərində aparılıb.

Sumqayıt şəhərində yaşayan, respublikamızın tanınmış cərrahlarından olan Həsən Mərdiyev də doğma rayonunun səhiyyəsinə kömək edəcəyini, bunu həm də özünün vətəndaşlıq borcu olduğunu bildirib.

Lerik Rayon Mərkəzi Xəstəxanası ümumi narkoz aparatı ilə təchiz edildiyi təqdirdə burada əksər cərrahi əməliyyatların aparılması üçün şərait yaranacaq. Həmçinin rayonun səhiyyə müəssisələrinin əksəriyyətinin yenidən tikilməsinə və əsaslı təmirə ciddi ehtiyacı vardır. Rayon gigiyena və epidemiologiya mərkəzi üçün təzə bina inşa edilməli, müasir avadanlıq və ixtisaslı kadrlarla təchiz olunmalıdır.

Nücü, Lərmərud, Haftoni, Boykəndil, Soru, Livədirqə, Nuravud, Daster, Tikəband kəndlərində həkim məntəqələri, Peştətük, Veri, Əliabad, Züvüç kənd xəstəxanaları üçün yeni binalar tikilməli, tibb ocaqlarının kadr təminatı həll olunmalı, maddi-texniki bazası gücləndirilməlidir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".