Çadırda yaşayaraq Türkiyə 18-cisi oldu
Türk dünyası

Çadırda yaşayaraq Türkiyə 18-cisi oldu

Zəlzələdən zərər çəkən İskəndərunda ailəsi ilə birlikdə sığındığı çadırda universitet imtahanına hazırlaşan Yusuf Yıldız Türkiyə imtahan sıralamasında 18-ci olmağı bacarıb. 

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Yusuf Yıldızın hazırkı hədəfi Qazi Universitetinin Tibb Fakültəsinə daxil olub həkim olmaqdır.

Hatayın İskenderun rayonunda yaşayan 7 uşaqlı Yıldız ailəsi zəlzələdə evləri ciddi ziyan gördüyü üçün əvvəlcə çadırda, daha sonra konteynerdə yaşamağa başlayıb. İlk seçiminin Qazi Universiteti Tibb Fakültəsi olduğunu deyən Yusuf Yıldız sözlərinə belə davam edib: "7 qardaş və qohumla çadırda qaldıq. Uşaqlığımdan bəri tək arzum Qazi Universiteti Tibb Fakültəsi idi. Bir arzum var idi və ona çatmalıyam. Qarşımda 6 ay var idi və oxumaqdan başqa çarəm yox idi. Bunun üçün bütün diqqətimi dərslərimə verdim və oxumağa səy göstərdim. Şansım zəlzələdən zərər çəkməyən rəqiblərimdən də az idi. Açığı, ümidimi itirmək üzrə idim, amma ümid heç vaxt itirilməməlidir”.

Töhfə SƏMƏDOVA,
“Respublika”.