Coğrafi   informasiya  sistemlərinin  əhəmiyyəti   mövzusunda  tədbir
İQTİSADİYYAT

Coğrafi   informasiya  sistemlərinin  əhəmiyyəti   mövzusunda  tədbir

İnnovasiya, elm  və  texnika  yeniliklərinin   aqrar  sahədə   tətbiqi   hər  zaman  səmərəlidir. Bu  baxımdan  “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramı çərçivəsində dayanıqlı kənd təsərrüfatı üçün su resurslarına tələbatın təhlilinin modelləşdirilməsi mövzusunda təlim xüsusi   əhəmiyyət   kəsb   edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti   bildirir   ki,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində icra olunan ECOserve proqramı çərçivəsində beynəlxalq ekspert tərəfindən keçirilən təlimdə  Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsi, Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kosmik Agentliyi, Milli Aerokosmik Agentliyinin mütəxəssisləri iştirak ediblər.

Təlimdə peyk təsvirlərindən və Coğrafi İnformasiya Sistemləri (CİS) məlumatlarının təhlili zamanı proqramlaşdırma vasitələrindən istifadənin əhəmiyyəti barədə təqdimat keçirilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında suvarma suyundan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Qlobal iqlim dəyişikliyi fonunda dünyanın əksər ölkələrində aqrar sahədə su resurslarının səmərəli idarə edilməsi vacibdir.

Qeyd edək ki, “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramının əsas məqsədi təbii ehtiyatlardan davamlı və ekoloji cəhətdən təmiz istifadəni təşviq etməkdir. Proqram çərçivəsində ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, suvarma suyuna olan tələbatın təhlili, kənd təsərrüfatında təbii ehtiyatlardan davamlı istifadə, hüquqi çərçivənin təkmilləşdirilməsi mövzularında fermerlər üçün təlimlər keçirilib.

Nəriman  CAVADOV,

“Respublika”.