Cocuq Mərcanlı-Böyük Qayıdışın ilk qaranquşu
Region

Cocuq Mərcanlı-Böyük Qayıdışın ilk qaranquşu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kənddə 27 hektar ərazidə geniş tikinti-bərpa-quruculuq işləri aparılmış, 150 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, uşaq bağçası, klub-icma mərkəzi, həkim məntəqəsi, poçt, inzibati bina, elektrik yarımstansiyası, hidrometereoloji stansiya inşa edilmişdir.  “Azəravtoyol” ASC-nin 13 saylı xüsusi təyinatlı yol istismar müəssisəsi, “Azərsu” ASC-nin Cocuq Mərcanlı sahəsi və digər müvafiq infrastrukturlar yaradılmışdır. Cənab Prezident 14 iyun 2017-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak edərək birinci mərhələdə 50 Cocuq Mərcanlı ailəsinin öz doğma kəndinə qayıtmalarına xeyir-dua vermişdir. Sonrakı mərhələlərdə isə ailələrin sayı 150-yə çatmışdır.  

Azərbaycan Prezidentinin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında” 14 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin ümumilikdə 680 hektar əkin sahəsini suvarma suyuna tələbatını təmin  edən nasos stansiyasının, su nəqledici kanalın və 2800 metr uzunluğunda təzyiqli boru kəmərinin tikintisi aparılmış, 2137 metr uzunluqda beton kanal inşa olunmuşdur.

Kənd sakinləri  doğma yurdlarında özlərini tam rahat hiss edir, əkin- biçinlə və heyvandarlıqla məşğul olurlar.

Məşğulluq sahəsinin əsasən kənd təsərrüfatı olduğu nəzərə alınaraq birinci növbədə ANAMA ərazilərdə yerləşən torpaqların minalardan təmizlənməsini həyata keçirmiş, sonra isə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə torpaqların inventarizasiyası aparılmış, ailə üzvlərinin hər birinə 0,25 hektar olmaqla əkin sahəsi istifadələrinə verilmişdir.

Cocuq Mərcanlı kəndinin gələcək inkişafı, burada yaşayan sakinlərin məşğulluq məsələləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət nəzarətindədir. Məhz dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq aidiyyəti dövlət strukturları, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər və iş adamları mütəmadi olaraq Cocuq Mərcanlıya səfərlər edir, ərazi üçün xarakterik olan layihələrin həyata keçirilməsinə təşəbbüs göstərirlər.

İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin olunması və sosial rifah səviyyəsinin artırılması, qayıdış prosesinin dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu istiqamətdə Nazirliyin həyata keçirdiyi ilk layihə olan yem emalı müəssisəsi Cocuq Mərcanlı kəndində 2018-ci il fevralın 2-də fəaliyyətə başlayıb. Müəssisədə hər birinin gücü saatda 2 ton olan toxumtəmizləyən, yemüyüdən, otdoğrayan avadanlıqlar quraşdırılmış, yeni iş yerləri açılmışdır.

Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələrin birinci mərhələsi çərçivəsində 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulmuş və 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla cəmi 150 arı ailəsi verilmişdir. Həyata keçirilmiş layihə çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunmuş, sakinlər tərəvəz yetişdirilməsi üçün lazımi toxumlar, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlarla təmin edilmişdir. Həmçinin 15 arıçı təsərrüfatının hər birinə 10 ədəd arı ailəsi, arıçılıq avadanlıqları və materiallar verilmiş, layihənin birinci mərhələsində hər iki layihə üzrə 30 nəfərin məşğulluğu təmin olunmuşdur. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən 25 ailə özünəməşğulluq tədbirinə cəlb edilərək, 13 ailəyə 26 baş damazlıq inək, 12 ailəyə isə 252 baş damazlıq qoyun verilmişdir

Cənab Prezidentin tapşırığına uyğun olaraq Cocuq Mərcanlı sakinlərinin, eləcə də kəndə gələn çoxsaylı qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün kənddə 14 min kvadratmetr ərazidə mədəniyyət və istirahət parkı 2018-ci ilin sonunda istifadəyə verilmişdir.

Bu günlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun və İcra Aparatının məsul işçilərinin iştirakı ilə Cocuq Mərcanlıda keçirilən səyyar görüş-qəbulda bir daha kənd sakinlərinin sosial vəziyyəti müzakirə edildi, yola saldığımız ildə təsərrüfatlarda görülən işlər nəzərdən keçirildi, fikir və mülahizələr, təkliflər dinlənildi. Qardaş Türkiyədə baş verən faciə ilə əlaqədar Cəbrayıl sakinlərinin də yardım kampaniyasına qoşulması təqdir olundu.

Lap yaxın vaxtlarda işğaldan azad edilmiş   torpaqlarımız bütünlüklə Cocuq Mərcanlı kimi gözəl yaşayış məkanına çevriləcəkdir.

Tofiq HÜSEYN,

“Respublika”.