ÇIRKIN ƏMƏLLƏR SÜLHƏ TƏHDIDDIR
Digər xəbərlər

ÇIRKIN ƏMƏLLƏR SÜLHƏ TƏHDIDDIR

Ermənistan rəhbərliyi hər zaman Azərbaycan dövlətinə qarşı yalan, qərəzli, təxribat xarakterli kampaniya aparır, dünya ictimaiyyətində ölkəmizə qarşı mənfi münasibətlər formalaşdırmağa cəhd edir.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva bildirdi ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın işğalçı dövlət olması Prezident İlham Əliyevin güclü diplomatiyası sayəsində bütün dünyaya məlum oldu. 2020-ci ildə Azərbaycanın hərbi və siyasi yolla öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi.

Bu gün də Ermənistan öz ikiüzlü və riyakar siyasətindən əl çəkmir. Azərbaycan dövlətinin Laçın yolunda nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin guya aclıqla, humanitar fəlakətlə üzləşməsi barədə Ermənistan bütün beynəlxalq təşkilatlara məktublar ünvanlamağa başladı. Ermənilərin bu yalan və iftiraları fiaskoya uğradı. Əvvəl Beynəlxalq Ədalət Məhkəməsində, sonra isə BMT TŞ-də Ermənistanın bu iddiaları qəbul edilmədi. Beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi siyasətin beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğuladılar.

Ermənistan Azərbaycanla sülh sazişini imzalamamaq üçün bu gün də çirkin və qanunazidd əməllərə əl atır. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın dəstəklədiyi qondarma rejimin 9 sentyabr tarixində "prezident" seçkiləri adı altında qanunsuz fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən Azərbaycan ərazisində yaradılmış qondarma rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatları, beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Qarabağdan hələ də erməni silahlı qüvvələrinin çıxarılmaması bölgədə sülhün və təhlükəsizliyin yaranmasına təhdiddir. Azərbaycan dünya dövlətlərini və beynəlxalq təşkilatları Ermənistanın bu təxribatçı hərəkətləri barədə məlumatlandırıb. Güman edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın və qondarma rejimin bu qanunazidd əməllərinə qarşı çıxacaq. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyinə zidd olan bu əməllərə qarşı Konstitusiyasına və beynəlxalq qanunlara uyğun bütün lazımi tədbirləri həyata keçirəcək.

M.QULUYEV,

“Respublika”.