Ceyhun Bayramov: Azad edilmiş torpaqlarda reabilitasiyaya əsas maneə bu ərazilərin minalarla çirkləndirilməsidir
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Azad edilmiş torpaqlarda reabilitasiyaya əsas maneə bu ərazilərin minalarla çirkləndirilməsidir

Ötən il Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə humanitar dəstək verib, həmçinin 5 ölkəni 2 milyon dollar dəyərində peyvəndlə təmin edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb. "İşğal dövründə yerlə-yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır", - deyə nazir əlavə edib.

AZƏRTAC