Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi
MÜSAHİBƏLƏR

Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi

Artıq ikinci ildir ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin ildönümünü qeyd edirik. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zəfər Gününü Şuşada qeyd etdilər.

Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən sonuna qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi, 44 gün ərzində bir gün də geri addım atmadı. Şuşanın azad edilməsi gününə kimi ordumuz bir çox şəhər və kəndlərimizi, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşanı, 300-ə yaxın kəndi, Laçının və Kəlbəcərin bir hissəsini döyüş meydanında azad etdi. Nəhayət, Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı, onu kapitulyasiyaya imza atmağa vadar etdi.

Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Vətən müharibəsi günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçib. Son illərdə aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində ölkədə güclü iqtisadiyyat yaradıldı. Güclü iqtisadiyyat müharibədə qələbənin qazanılması işində önəmli amil idi və o, güclü, hərbi silah-sursat, müasir texnika ilə təchiz edilmiş ordunun yaradılmasına kömək oldu.

Bu gün dünyanın əksər ölkələrində çətinliklər yaşanır, dərin iqtisadi, həmçinin enerji böhranı hökm sürür. Lakin buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı, daim inkişafdadır. Bu gün ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, təşkilatdan, donordan bir manat belə yardım almamışıq, yalnız və yalnız öz gücümüzə, imkanlarımıza arxalanmışıq.

Eyni zamanda İkinci Qarabağ savaşı ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvü olaraq Qarabağ uğrunda ölümə gedirdilər. Ağır günlərdə daxili sabitlik, milli birlik və həmrəylik, xalq-iqtidar birliyi öz sözünü dedi. Biz əzəli düşmən üzərində tarixi Qələbə qazandıq. Bunlar ölkəmizdə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir.

Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin rəhbərliyi sayəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir. Qazanılan Şanlı Qələbə, əldə edilən uğurlar ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub və hər birimiz öz Prezidentimizlə fəxr edirik.

İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Qızıl qələm" mükafatı laureatı.