Cənubi Qafqazda sülh və sabitlik
Siyasət

Cənubi Qafqazda sülh və sabitlik

Bu, Azərbaycanın dəyişməyən mövqeyidir

"Bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik". Bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda - bu gün biz bunların hamısını nümayiş etdiririk.

BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğalından tutmuş İkinci Qarabağ müharibəsi və sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirlərinə qədər ATƏT-in keçmiş Minsk qrupunun uğursuz vasitəçilik fəaliyyətindən danışıb. Lokal xarakterli antiterror tədbirlərinin 24 saatdan az davam etdiyini xatırladan ölkə başçısı deyib: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişini imzalamaq daha asan olacaq. Biz həm də sərhədlərin müəyyənləşdirilməsi üzərində fəal işləməliyik və uzun müddətdir davam edən bu münaqişəyə son qoymalıyıq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".

Sentyabrın 20-də xalqa müraciətində vacib məqama toxunan dövlət başçısı separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yarandığını bildirib.

Prezident lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda "Qafqaz evi" ideyasının gerçəkləşməsi zərurətini vurğulayıb. Dövlət başçısı "Qafqaz evi" ideyasını 44 günlük müharibədən sonra bir neçə dəfə səsləndirib. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Bölgədə yeni vəziyyətin yaranması labüd oldu. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Müzəffər ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərə imza ataraq əzəli və əbədi torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdikdən sonra ölkə Prezidenti İlham Əliyev qardaş Türkiyənin dəstəyi ilə Cənubi Qafqazda yeni əməkdaşlıq və regional təhlükəsizlik mühitinin yaradılması ideyasını irəli sürdü, üçtərəfli əlaqələrin inkişafı naminə bu istiqamətdə addımlar atmağa hazır olduğunu bir daha bəyan etdi. Politoloqların da vurğuladığı kimi, Cənubi Qafqazın üç respublikası arasında münasibətlərin yeni müstəviyə çıxarılmasının təməl şərti qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, Ermənistanın regionda əmin-amanlığın bərqərar olması üçün Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərini qəbul etməsindən ibarətdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son müsahibələrindən birində münasibətlərin normallaşması üçün rəsmi İrəvana daha bir fürsət təqdim edildiyini bildirdi. Belə ki, ermənilər antitürk siyasətindən əl çəkərək Qafqazdan Anadoluya əsrlər boyu türk dövlətlərinin hakimiyyəti altında olan ərazilərdə rahat şəkildə yaşadıqlarını, dini ibadətlərini sərbəst şəkildə həyata keçirdiklərini, ticarətdən-siyasətə yüksək mövqelərə çatdıqlarını, hər türk yüksəlişinin Avrasiyanın bütün xalqlarının həyatında rifah mühiti yaratdığını unutmadan ağıllı bir siyasət yolunu tutarlarsa, bütün Qafqaz xalqları ilə birlikdə yenə fayda görəcək, region müxtəlif güclərin mübarizə poliqonu olmaqdan çıxaraq sürətlə inkişaf edəcək.

Ötən il Gürcüstan səfəri çərçivəsində Prezident İlham Əliyev "Qafqaz evi" yaradılması təşəbbüsünü irəli sürdü. Qeyd edək ki, "Qafqaz evi", "Qafqaz birliyi", "Qafqaz dövlətlərinin fəal əməkdaşlığı" ideyasının kökləri hələ XIX əsrə gedib çıxır. Belə bir ideyanın irəli sürülməsində məqsəd Qafqaz regionunun müxtəlif xarici təhlükələrə qarşı birliyinin, bərabərliyinin təmin edilməsi, region xalqları, sonrakı dövrdə isə dövlətlər arasında sülhün və sabitliyin təmin edilməsi olmuşdur. XX əsrin müxtəlif illərində "Qafqaz evi" ideyasının reallaşdırılması istiqamətində təşəbbüslər göstərilmiş, addımlar atılmışdır. Lakin bu addımlar son nəticədə əsasən erməni milliyyətçi siyasi təşkilatların, terror siyasi qurumlarının fəaliyyəti nəticəsində pozulmuşdur.

Prezident İlham Əliyev ölkəmizi dünyada sülh tərəfdarı kimi təqdim edərək bütün formatlarda Azərbaycanın təklif etdiyi şərtlərlə sülh danışıqlarına razı olduğunu bəyan edir, həmçinin siyasi-diplomatik, iqtisadi imkanlarla Ermənistanı sülhə məcbur edir. İstənilən halda İrəvan sülh müqaviləsini imzalamağa, kommunikasiyaların açılmasına, sərhədlərin delimitasiyasına razılıq verməyə məcbur vəziyyətdə qalır. Region ölkələrinin də dəstəyini qazanan Bakı Cənubi Qafqazda əsas güc olduğunu ortaya qoyur və regionun təhlükəsizliyinin, iqtisadi inteqrasiyasının əsas qarantı kimi çıxış edir. Bu mövqe Rusiyanın, Türkiyənin, həm də Gürcüstanın maraqlarına uyğundur. Bu proses sosial-iqtisadi böhran içində boğulan Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizindən danışan Ərdoğan qeyd edib ki, bu güclü bağ sayəsində bir çox məsələdə qət olunan məsafə daha da artırılacaq. Bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçəcək. İran hazırda buna müsbət baxır və müsbət baxdığı üçün indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və mütləqdir. Beləliklə, "Qafqaz evi" ideyası region ölkələrinin məsələləri öz aralarında həll etməsi və kənar vasitəçilərə ehtiyacın qalmaması deməkdir.

Mustafa KAMAL,

"Respublika".