Cənubi Qafqazda sabitlik və əmin-amanlıq üçün sülh sazişinin imzalanması vacibdir
Siyasət

Cənubi Qafqazda sabitlik və əmin-amanlıq üçün sülh sazişinin imzalanması vacibdir

Azərbaycan İkinci Qarabağ müharibəsi və ötən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

Postsovet məkanında separatizmə son qoyan, ərazi bütövlüyünü tam təmin edən ilk ölkə kimi Azərbaycan indi də Ermənistanla yekun sülh sazişinin imzalanmasına çalışır. Rəsmi Bakı hesab edir ki, Cənubi Qafqazda sabitlik, əmin-amanlıq, həmçinin əməkdaşlıq mühitinin təmin olunmasının yolu sülh sazişinin imzalanmasından keçir. Atılan  bütün addımlar, yüksək səviyyədə səslənən bəyanatlar da məhz bu istiqamətdədir.

Təəssüflər olsun ki, Ermənistanın üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiya və demarkasiyası prosesini yubatması, sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədlərlə bağlıdır.

Sərhədlərin müəyyən olunması uzun illər davam edən prosesdir. Beynəlxalq təcrübəyə nəzər salsaq bu  qənaətə gəlmək olur ki, postsovet ölkələri arasında delimitasiya prosesi ən azı 3-5 il, delimitasiya və demarkasiya prosesi birlikdə ən azı 10-15 il çəkə bilər. Təsadüfi deyil ki, bir çox postsovet ölkələri arasında sərhədlər hələ də delimitasiya və demarkasiya edilməyib.

Beynəlxalq hüquqda qeyd olunduğu kimi delimitasiya sülh prosesinin və   sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Delimitasiya prosesi zamanı bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Demarkasiya bu prosesin ikinci mərhələsidir. Demarkasiya əvvəlcədən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində delimitasiya və demarkasiya məsələsi gündəmdədir.  Bununla bağlı iki ölkə arasında erməni işğalı altında qalan 4 anklav və 4 qeyri-anklav kəndlərin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Qazax rayonunun Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasına daxil olan Sədərək rayonunun Kərki kəndi Ermənistan ərazisi ilə əhatə olunan anklav kəndlərdir. Qazax rayonunun Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli qeyri-anklav kəndlərdir.

Ermənistan havadarlarının istəyinə uyğun olaraq sülh müqaviləsinin imzalanması məsələsini delimitasiya və demarkasiya prosesləri ilə bağlamağa çalışır və bu məqsədlə uğursuz təkliflər irəli sürür. Beynəlxalq müstəvidə və Ermənistan tərəfinin müraciətlərində 70-80-ci illərin xəritələrini əsas götürməyə çalışırlar. Bu təklif isə qəbuledilməzdir, çünki 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının etdiyi güzəşt və sovet Rusiyasının 1920-ci ildən 1969-cu ilə qədər  Azərbaycanın mülkü olan torpaqları hissə-hissə ermənilərə hədiyyə etməsi qeyri-qanunidir. Bu addımlar beynəlxalq nöqteyi-nəzərdən Azərbaycan xalqının legitim hüququnun pozulmasıdır. Bu səbəblə, Ermənistan tərəfi bilavasitə 1970-ci illərin xəritəsi üzərindən danışıqlar aparmaq üçün israr etməkdədir.

Bu gün rəsmi Bakı delimitasiya və demarkasiya prosesi ilə bağlı daha ədalətli addımlar atır. Azərbaycanın bu məsələdə qətiyyətli  mövqeyi bəllidir. Bununla yanaşı, rəsmi Bakı erməni əsilli vətəndaşların bizim ərazimizdə yaşamalarına etiraz etmədiyini də bildirir. Həmin kəndlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxildir. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Proseslərin gedişatında bu məsələlər hər zaman gündəmdədir və öz həllini tapacaq.

Aiza ŞABANOVA,

"Respublika".