Dadı və ətri ilə seçilən Kürdəmir heyvası
Region

Dadı və ətri ilə seçilən Kürdəmir heyvası

Bərəkətli Kürdəmir torpağı, bu torpaqda yetişdirilən meyvələr, bağ-bostan məhsulları - nar, üzüm, yemiş barədə müxtəlif vaxtlarda qəzetimizdə yazılar dərc etdirmişik. Kürdəmir heyvası da öz dadı və ətri ilə məşhurdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə,  rayonda heyva yığımına başlanıb. 

Cari mövsümdə bağlardan 2 min ton məhsul əldə olunması nəzərdə tutulub.  Məlumatda o da bildirilir ki,  bölgədə heyva bağlarının sahəsi ildən-ilə artır və hazırda 130 hektara çatdırılıb.  Rayonun demək olar ki,  bütün ərazisində,  xüsusilə Yenikənd,  Atakişili,  Xırdapay,  Topalhəsənli,  Dəyirmanlı,  Mürtülü və digər kəndlərdə bağbanlar heyva bağları salmağa böyük maraq göstərirlər. Burada heyvanın "Məcidəmi",  "Bəhram",  "Cardam",  "Kamil",  "Əppək",  "Armudu",  "İyli",  "Almali",  "Bardaq" və digər növləri yetişdirilir.

Ötən il rayonda 1890 ton heyva tədarük olunub.  Bu il məhsul istehsalının 2 min tonadək artacağı gözlənilir.  Yığılan məhsul təkcə yerli bazarlara deyil,  xarici bazarlara da göndərilir.  Hazırda fermerlər Kürdəmir heyvasını Rusiya bazarlarına çıxarmağa hazırlaşırlar.

Kürdəmirlilərin heyvaya göstərdikləri maraq bizi istər-istəməz yerli sərvətlərimizdən olan məhsulun keyfiyyətləri barədə bilgilər əldə etməyə sövq etdi. Öyrəndik ki,  payızın,  qışın ən çox sevilən meyvəsi heyvadır.  Zəngin vitamin və mineral mənbəyi olan heyva rahatlaşdırıcı və sakitləşdirici bir xüsusiyyətə malikdir.  Heyva tək meyvə kimi yeyilmir,  ondan hazırlanan kompot,  cem,  mürəbbələr ilboyu qəbul olunur.  Heyva və onun yarpaqlarından həm də yeməklərin hazırlanmasında geniş istifadə olunur.

İlk olaraq adamı artıq çəkidən xilas edir.  Toxluq hissi verir deyə, bir pəhriz proqramlarında ona üstünlük verilir.  Heyva lifli quruluşu sayəsində toxluq müddətini uzadaraq arıqlamağa kömək edir.  Pəhrizdə şirin bir alternativ axtarırıqsa,  heyvanı qaynadıb,  buxarda bişirib dadlı desertlər hazırlaya bilərik. Heyva aşağı glisemik indeksli olan bir meyvədir,  buna görə də şəkəri qaldırmır.  Şəkərli diabeti olanlar  heyvanı seçə bilərlər.

Heyva çox miqdarda vitamin və mineral ehtiva edir.  Bir çox xəstəlikdən qoruyucu kimi qəbul olunur.  Ən vacib faydası immunitet sistemini gücləndirməsidir.

Heyva içindəki C vitamini və fitokimyəvi maddələr sayəsində immunitet sisteminin güclənməsinə kömək edir.  Heyva gündəlik C vitamini ehtiyacının dörddə bir hissəsini ödəməklə orqanizmi patogen,  virus və bakteriyalardan qoruyur.

Heyva yarpaqlarının dəmlənməsi bronxial astmaya çox gözəl müalicəvi təsir göstərir.  Heyvanın toxumları soyuqdəymə zamanı baş verən tənəffüs yolları iltihabında,  bronxitlərdə sinəyumşaldıcı,  iltihab götürücü,  eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində,  mədə xorasında,  mədənin selikli qişasını yumşaltmaq,  yaranı sağaltmaq üçün qəbul edilir.  Heyvanın yarpaqlarından və cavan budaqlarından dəmlənən çay ürək ağrısında sakitləşdirici və qan təzyiqini azaldıcı vasitə kimi qəbul olunur.  Heyva mürəbbəsi isə ürək zəifliyində qüvvəverici kimi tövsiyə edilir.

Göründüyü kimi, bu dadlı-ətirli meyvə sağlamlığımıza müsbət təsir göstərir.

Tofiq HÜSEYN,

"Respublika".