Bütöv ərazilərimizin xəritəsində yenidən Ağdərə rayonu
Sosial həyat

Bütöv ərazilərimizin xəritəsində yenidən Ağdərə rayonu

Xoşbəxt xalq olaraq arzularımızın reallığa qovuşduğu bir dövrdə yaşayırıq. Bir zamanlar həsrətlə boylandığımız yurd yerlərimizə dönürük. Artıq keçmiş məcburi köçkün kimi deyil, kəndimizdə, şəhərimizdə keçmiş qonşularımızla birlikdə yaşayırıq. Uzun illərin köçkünlük nisgili, ağrıları da unudulur zamanla. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qüdrəti, Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti və xalqın Vətən, yurd sevgisi son qoydu acılarımıza. Zəfərlə bitən haqlı mübarizəmizdən dərhal sonra dövlət başçısının sərəncam və tapşırıqları ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulub bərpa edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Ötən üç ildə tikilən yaşayış məntəqələrimizə köçlər də həyata keçirilib. Qarşıdakı illərdə  daha böyük köç karvanları bütün Qarabağı əhatə edəcək. Eyni zamanda Ağdərəni də.

Dekabrın 27-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Vətən müharibəsindən sonra erməni separatçılarının bir hissəsi Qarabağda, o cümlədən Ağdərədə qalmaqda idilər. Dövlətimizin sülh çağırışlarına baxmayaraq, onlar ərazilərimizi tərk etmədilər. Əksinə, gizlin yollarla Qarabağa silah daşıdılar. Azərbaycan dövləti düşmənin tör-töküntülərini və bölgədə olan separatçıları zərərsizləşdirmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə 23 saat ərzində əraziləri üzərində suverenliyini tam bərpa etdi. Həmçinin, Xankəndi, Xocalı, Əsgəran kimi Ağdərə rayonu da ölkəmizin tam nəzarətinə keçdi. Prezident İlham Əliyev oktyabrın 15-də digər ərazilərimiz kimi, Ağdərə şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Uğurlu antiterror tədbirlərindən sonra Ağdərə rayonunun yenidən təşkil olunması prosesinə başlanıldı. Artıq bütöv, suveren Azərbaycan xəritəsində Ağdərə inzibati rayonumuz da olacaq. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, rayonun kəndlərinin bir qismi Ağdam rayonunun, bir qismi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və digər kəndləri isə Tərtər rayonunun inzibati tərkibinə verilmişdi.

8 avqust 1930-cu ildə təşkil edilən Ağdərə rayonu 1985-ci ildə şəhər statusu alıb. Bir çox ərazilərimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci il iyulun 4-də Silahlı Qüvvələrimizin hücumu nəticəsində erməni işğalçılarından azad edilib. Bir il şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi 27 iyun 1993-cü ildə Ağdərənin yenidən ermənilər tərəfindən işğal edilməsinə səbəb olub. Nəticədə, ötən 30 illik işğal illərində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonu da ermənilər tərəfindən dağıdılıb, Azərbaycana məxsus tarixi abidələr məhv edilib. Xüsusilə, tarixi yer adları dəyişdirilib, Ağdərə-Mardakert adı ilə əvəzlənib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb ki, bu da ən ağır müharibə cinayətlərindən biri sayılır.

İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb. Sovetlər Birliyi zamanı Ağdərə rayonu ərazisinə görə ən böyük və iqtisadi cəhətdən inkişaf etmiş rayonlardan biri olub. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi düşmən əsarətində saxlanılıb. Rayon təbii ehtiyatlarla, xüsusilə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngin olub. Kənd təsərrüfatı sahəsində üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tutub. Ağdərədə həm də tarixi-mədəni abidələr və qədim körpülər, müqəddəs ziyarətgahlar da olub. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı işğal dövründə ermənilər tərəfindən ekoloji terrora məruz qalaraq təhlükə mənbəyinə çevrilmişdi.

Ağdərə rayonunun yenidən yaradılması dövlətin qədim yurd yerlərinə diqqətinin göstəricisidir. Rayon ərazisinin əvvəlki qaydada təşkil olunması, Suqovuşan qəsəbəsinin də yenidən Ağdərə rayonunun tərkibinə verilməsi və rayon mərkəzinin Ağdərə şəhəri olması bunu bir daha təsdiq edir. Ağdərənin ayrı bir inzibati ərazi kimi yaradılması gələcəkdə təbii ehtiyatlarla zəngin rayonun iqtisadi cəhətdən inkişaf etməsinə də geniş imkanlar yaradacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".