“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub
Sosial həyat

“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

Azərkosmos qlobal iqlim dəyişikliyinin Azərbaycanda təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. Platforma “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda nümayiş olunub.
İki dildə hazırlanmış rəqəmsal platformada iqlim dəyişikliklərinin kosmik təsvirlər əsasında müqayisəli təhlili aparılıb. Platformadakı təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqlar, su ehtiyatları, quraqlıq və şoranlaşma, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edir. Dövlət qurumları, fəaliyyətində iqlim mövzularını gündəmdə saxlayan özəl şirkətlər, təhsil müəssisələri və media nümayəndələrinin iştirakı ilə baş tutan konfransda bildirilib ki, qlobal iqlim dəyişmələri ölkəmizə də təsirsiz ötüşməyib.
Azərbaycanda orta illik temperatur artıb. Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son 7 ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Peyk təsvirlərinin təhlili göstərir ki, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, Azərbaycan ərazisinin 15 faizi çox yüksək quraqlıq riski altındadır. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə əsasən, ötən ildə ümumilikdə 10 563 hektar ərazinin yandığı müşahidə edilib. Həmçinin atmosferin tərkibini dəyişdirən zərərli qazların dəyərləri də ilbəil artıb.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, ölkəmizdə iqlim dəyişikliyinin kosmik monitorinqlər əsasında ilk belə müfəssəl rəqəmsal hesabatı “Azersky” peyki sayəsində ərsəyə gəlib.
Konfrans çərçivəsində rəqəmsal iqlim hesabatı ilə yanaşı, Azərkosmos özünün “Yaşıl siyasət” sənədini qəbul etdiyini açıqlayıb. Belə ki, ötən ildən BMT-nin “Qlobal Saziş” təşəbbüslərinə qoşulan Azərkosmos öz əməliyyatlarında, kosmik aparatların inkişafı, buraxılışı, orbitdəki fəaliyyətini və kosmik obyektlərin idarə edilməsi zamanı ətraf mühitə təsirini minimuma endirməyi hədəfləyir.

“Respublika”.