Bu qala bizim qala...
Siyasət

Bu qala bizim qala...

Ulu babalarımızın tikdiyi qalalar tarixin izlərini yaşadan ən yaxşı mənbələrdir. Müxtəlif tarixi dövrlərin sərt rüzgarına, eləcə də təbii fəlakətlərə sinə gərən qalalar, bütöv halda olmasa da, günümüzə qədər gəlib çatmışdır. Azərbaycandakı bu qalalar doğma torpağa bağlılığın, yadellilərin işğalçılıq planlarından əzmlə müdafiənin və vətənpərvərliyin rəmzi kimi keçmişdən günümüzə uzanan körpüdür. O körpü ki, onu heç bir qüvvə, hətta tariximizi saxtalaşdırmağa cəhd edən sovet quruluşu belə dağıda bilmədi. Çünki xalqın öz milli tarixi ilə bağlılığını qırmaq, onu öz keçmişindən qoparmaq mümkün deyil. Gec-tez tarixin izləri ən dərin qatlardan belə özünü büruzə verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub, əraziyə baxış keçirib. Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub. Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir.

Əsgəran qalası o zaman üçün müdafiə təyinatlı olub. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Qədim türk toponimi olan Əsgəran "əski Aran", "köhnə Aran" sözündən götürülüb. Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvadrat formalı qapalı istehkamdır. Həyətin aşağısında köndələn divarda daxili, üstü tağlı darvazalar var. Kvadrat formalı istehkam müdafiə sistemi xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 metr, qalınlığı 2 metrdən ibarət qala divarlarının üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da cəlbedici edir.

20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsinə və ərazi bütövlüyümüzü bərpa edəcəyinə söz vermişdi. Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedir, həsrətlə gözlədiyimiz anı yaxınlaşdırırdı. Dövlət başçısı İlham Əliyev Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə qaldıracağını qarşısına ali vəzifə olaraq qoymuşdu. Bu gün həmin qürurlu anların sevincini və xoşbəxtliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bir mesajdır: bu torpaqlar bizimdir və burada əbədi olacağıq.

1979-cu ildə yaradılan Əsgəran rayonu 52 yaşayış məntəqəsindən ibarət olub. Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğal olunmuşdu. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Əsgəran qəsəbəsinə Rusiya sülhməramlı qüvvələri müvəqqəti nəzarət edirdi. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirdi. Bu, növbəti qələbəmiz idi. Tarixi Zəfərimiz bir daha ordu quruculuğu sahəsində son 3 ilə yaxın dövrdə görülən işlərin mükəmməlliyini aydın şəkildə göstərdi. Antiterror tədbirləri nəticəsində Xankəndinin, Xocalının, Əsgəranın və Ağdərinin azad olunması ilə suverenliyimiz tam bərpa olundu. Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan dövlət başçısı İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu vəzifələri icra etdiyini böyük fəxarətlə diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır. Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında da Dövlət Bayrağını ucaldıb.

İndi bu əzəmətli qalanın yüksəkliyində dalğalanan üçrəngli bayrağımız sanki xəfif-xəfif pıçıldayır: "Bu qala bizim qala, həmişə bizim qala…".

Mustafa KAMAL,

"Respublika".