BQXK-nın qanunsuz əməlləri səngimir
Digər xəbərlər

BQXK-nın qanunsuz əməlləri səngimir

1863-cü ildə təsis edilmiş BQXK, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının əsasını təşkil edir. Təşkilatın Bakıdakı nümayəndəliyi 1992-ci il 3 mart tarixindən fəaliyyət göstərir. Komitə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərin aradan qaldırılması, eləcə də beynəlxalq humanitar hüququn təbliği və tətbiqi ilə bağlı problemləri həll edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətində son illər ölkəmizə qarşı neqativ hallar nəzərə çarpır və bu hallar başlıca müzakirə mövzusuna çevrilib.

BQXK-nın Laçın-Xankəndi yolu üzərində, Azərbaycanın Ermənistanla şərti sərhədindəki sərhəd-buraxılış məntəqəsindən müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhdi də komitənin ədalətli olmadığının əyani sübutudur. Həmçinin BQXK-nın fəaliyyətində qaçaqmalçılıqla yanaşı, humanitar yardımların mənimsənilməsi və çirkli pulların yuyulması kimi faktlar barədə məlumatlar vardır. Beynəlxalq Qırmızı Xaç Komitəsi üzərinə düşən öhdəlikləri ön planda saxlamalıdır. Amma İkinci Qarabağ müharibəsi zamanı Komitənin öhdəliklərinə sadiq olmadığı faktı ilə qarşılaşdıq. Bu da o deməkdir ki, qurumun ölkəmizə yanaşma tərzi şəffaf deyil.

2020-ci ildə qazandığımız hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan haylar rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, bir sıra gizli yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirirdilər. Bu səbəbdən Azərbaycanın Ermənistanla sərhədyanı bölgədə Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərməyə başladı. Qarabağ iqtisadi rayonundakı ermənilər bu məntəqədən keçməklə Ermənistanla əlaqə yarada bilirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan şöbəsinin bu yoldan təhlükəsiz istifadəsinə də şərait yaradılıb.

Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələri də dövlət sərhədindən sərbəst hərəkət edə bilir. Onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılırlar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən komitəyə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlandı. Bütün bu qanunsuzluqlar təşkilatın fəaliyyətinə şübhələri artırır və qurumun əməkdaşlarının cinayət əməllərinin olduğunu təsdiqləyir. Onlar humanistlik adı altında təəssübkeşliyi göstərərək beynəlxalq normaları pozublar. Bu isə ermənipərəstliyə gətirib çıxarır.

Eyni zamanda BQXK ermənilər tərəfindən girov götürülmüş və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı o qədər də narahat deyil. Halbuki, komitənin üzərinə düşən əsas öhdəliklərdən biri də elə budur. Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində respublikamız genişmiqyaslı humanitar fəlakətlə üzləşib. 1991-ci ilin sonundan etibarən mülki əhali öz ata-baba yurdlarından qovulub, girov götürülüb, əzab-əziyyətlərə məruz qalıb və itkin düşüb. Məsələ burasındadır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi həmin insanların taleyinə biganə yanaşır. Təşkilat hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələni araşdırmır. Ölkəmizin bu məsələ ilə əlaqədar çoxsaylı müraciəti cavabsız qalır. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 54 hərbçi o dövrdə BQXK vasitəsilə ailələri ilə əlaqə saxladı, lakin sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilmədi. Həmçinin komitənin 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmadı. Bu da bir daha göstərir ki, BQXK itkin düşən azərbaycanlıların taleyinə etinasız yanaşır.

Ümumiyyətlə, Beynəlxalq Qırmızı Xaç Komitəsi adlanan qurum bir əsr yarım bundan əvvəl müharibə kimi bəladan zərər görmüş istər mülki əhaliyə, istər hərbçilərə yardım məqsədilə yaradılmış bir təşkilatdır. Amma zaman keçdikcə, bu təşkilata əlavə funksiyalar da həvalə edildi ki, bu da humanitar yardımdan tutmuş digər sahələri də əhatə edir. Belə olan təqdirdə Azərbaycana qarşı olan münasibət heç də ürəkaçan deyil. Bir sözlə, beynəlxalq humanitar hərəkat sayılan, insan həyat və sağlamlığını qorumaq, insanların əzab-əziyyətlərini yüngülləşdirmək məqsədilə yaradılan bu komitə ölkəmizə qarşı ədalətli faəliyyət göstərmir.

Röya RÜSTƏMLİ,

"Respublika".