Böyük və genişmiqyaslı quruculuq işləri aparılır
İqtisadiyyat

Böyük və genişmiqyaslı quruculuq işləri aparılır

2020-ci il oktyabrın 20-də işğaldan azad olunmuşdur

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz yüksək döyüş rəşadəti göstərərək düşmən tapdağında olan torpaqlarımızı birdəfəlik azad etdi. Bununla da Qarabağ və Şərqi Zəngəzurun müasir üslubda yenidən tikintisinə başlanıldı. Çünki Ermənistan işğal etdiyi torpaqlarımızda vandalizm aktı törədərək bütün evləri, inzibati və yaşayış binalarını, tarixi abidələri, məscidləri dağıtmışdı.

Zəngilan rayonu işğaldan azad olunandan sonra digər ərazilərdə olduğu kimi, burada da böyük quruculuq işlərinə başlanıldı. Rayon ərazisində ilk "Ağıllı kənd" konsepsiyası çərçivəsində Ağalı kəndi yenidən tikildi və qısa zaman kəsiyində öz sakinlərini mərhələlərlə qəbul etməyə başladı. Kənd bərpa olunan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yeni siması kimi Böyük Qayıdış konsepsiyasınn təməli oldu. Artıq kənd sakinləri doğma yurdlarında rahat və tam təhlükəsizlik şəraitdə 2022-ci il iyulun 19-dan başlayaraq yaşayırlar və onlar üçün yaradılan müasir şəraitdən razılıqlarını bildirirlər.

Ağalı kəndində küçələrin işıqlandırılması, isti və soyuğadavamlı evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edilib. Həmçinin kəndin dayanıqlı enerji təchizatı ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa olunub. Üç ədəd generatorun quraşdırıldığı stansiya kəndin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.

Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə "ASAN", "DOST", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.

Ötən ilin oktyabrın 20-də rayonda inşa edilmiş Zəngilan Beynəlxalq Hava Limanının keçirilən açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas layihələrdən biri hesab olunur. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislərin cəlb olunması ilə 6 ay ərzində inşa olunub və iki hissədən ibarətdir. "A" korpusu irihəcmli ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verir və 600 yerdən ibarətdir. "B" korpusu çoxfunksiyalı tədbir zalından ibarətdir və tutumuna görə nisbətən kiçik tədbirlərin keçirilməsi üçün əlverişlidir. Konqres mərkəzinin layihələndirilmiş ərazisi 2.2 hektardır. 

Prezident İlham Əliyev bu ilin sentyabr ayında rayona səfəri çərçivəsində Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını etdi, Alıbəyli və Zəngilan kəndinin, Zəngilan şəhərində 2,3 və 4-cü yaşayış məhəllələrinin, o cümlədən bir çox infrastruktur layihələrinin təməllərini qoydu.

Zəngilan rayonu işğaldan azad olunmuş digər ərazilərimiz kimi özünün yüksək inkişaf və tərəqqi dövrünü yaşayır və beynəlxalq əhəmiyyətli tədbirə də evsahibliyi edib. Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çox əhəmiyyətli tarixi hadisə oldu. Forumun məhz yenidən qurulan şəhərlərdə keçirilməsi Azərbaycanın istəyini beynəlxalq ictimaiyyətə çatdırmağa imkan verdi.

 Prezident İlham Əliyev forumda çıxış edərək işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər və qısa vaxt ərzində əldə edilən nailiyyətlər barədə məlumat verdi.

Qeyd edək ki, Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarda olan 67 məsciddən 65-nin məhv edilib, ikisi isə yarıdağılmış vəziyyətdə idi. Zəngilan şəhərində olan məscid də dağıdılmışdı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci il aprelin 26-da rayona səfərləri çərçivəsində Zəngilan məscidini də ziyarət etdilər. Burada məscidin yenidənqurma layihəsi ilə tanış olan Prezident dedi ki, bu məscid ermənilər tərəfindən bu hala salınmışdır. Hər kəs bunu görməlidir. Beləliklə də ermənilər tərəfindən son 30 ildə dağıdılmış dini abidələrimizin bərpasının təməli Zəngilan rayonundan qoyuldu. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına məsciddə bərpa işləri fasiləsiz həyata keçirilib.

Görülən quruculuq işləri nəticəsində Zəngilan rayonu yüksək inkişaf və tərəqqi dövrünü yaşayır və genişmiqyaslı abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".