Böyük quruculuq məkanı
Digər xəbərlər

Böyük quruculuq məkanı

Qarabağın dirçəlişdastanının xoşbəxt sonluğuna az qalır

Könlüm keçir Qarabağdan... Ah, nə gözəl! Yenə də fürsət düşüb. Doğma diyarımdan, onun Milindən-Muğanından, dağından, aranından keçib vəsf edəcəm Qarabağı. Amma bir şey var, Qarabağın vəsfə, tərifə ehtiyacı yox ki! Çünki o elə başdan-binədən gözəl yaranıb, düşmən əli, düşmən nəfəsi dəysə belə gözəlliyini itirməyib Qarabağ. Çünki o gözəlliyi, təbiətin möcüzəsini silib atmağa insanın gücü yetməz. Yetmədi də.

Çünki torpağı, təbiəti gözəldir, qoynunda incilər yatır, havası, suyu, gülü-çiçəyi məlhəmdir Qarabağın. Elə bu səbəbdən başı tarix boyu bəlalı olub bu diyarın. Müasir tariximizin son 3 onilliyində Qarabağın nələr yaşadığını bir Allah bilir. Nə yaxşı ki, indi dünya da görür bu vəhşi qəbilənin törətdiklərini. İşğal bitdikdən sonra Qarabağ və Şərqi Zəngəzur yenidən qurulmağa başladı. Dağıdılmış yurd yerlərinin bərpası isə o torpaqlarda məskunlaşmanı xəyaldan gerçəyə çevirir...

Azərbaycan Prezidenti həmin ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə 2020-ci il noyabrın 24-də Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzaladı. Qərargahın nəzdində isə İdarələrarası Mərkəzin müvafiq işçi qrupları yaradıldı. Bu qruplar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə nəzarət edir. İşlər isə öz doğma yurd-yuvalarına geri qayıdacaq vətəndaşlar üçün lazımi həyat şəraitinin yaradılmasını nəzərdə tutmaqla, dövlətimizin strateji inkişaf prioritetlərinə uyğun aparılır. 2021-ci il fevralın 22-də Əlaqələndirmə Qərargahında işçi qrup rəhbərlərinin iştirakı ilə keçirilən iclasda işğaldan azad edilmiş ərazilərdə hərbi-siyasi, sosial-iqtisadi, minalardan təmizləmə, şəhərsalma, enerji, humanitar, beynəlxalq əməkdaşlıq, təşkilati və digər məsələlər üzrə işlərə cavabdeh olan müvafiq dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, qarşıya qoyulan tapşırıqlar barədə fikir mübadilələri aparılıb. Məqsəd ərazilərdə aparılan işlərlə yaxından, praktik tanış olmaq, həmçinin işçi qruplarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etməkdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin həcmini nəzərə alsaq, deyə bilərik ki, bu, Azərbaycan dövlətinin, xalqımızın daha bir qələbəsidir. Çünki belə qısa zamanda əldə olunan nəticələr dünyanın özünü də təəccübləndirir, dostlarımızı heyran edir. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır, bölgələrimizə tədricən həyat yenidən qayıdır.

2022-ci il oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işlərinin həcmindən danışarkən bunun əsl qəhrəmanlıq olduğunu, "Azərbaycanın burada sıfırdan başlayaraq yenidən ayağa qalxdığını", ölkəmizin qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanını yazdığını vurğulayaraq deyib: "... İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar...".

Doğrudan da düşmən işğal altında saxladığı torpaqları, şəhərləri, kəndləri cəhənnəmə çevirmişdi...

Dövlət başçısının o yerlərə ilk səfəri 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarından başladı. Həmin gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu, işğaldan azad olmuş torpaqlarda icra edilən ilk layihə oldu. "Vəhşilər bizim şəhərimizi nə günə salıblar? Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur", - deyən dövlət başçısı həm də o gün Füzulidə şanlı Azərbaycan bayrağını qaldırdı. Prezident və xanımı Azərbaycanın orta əsr memarlığının ən unikal əsərlərindən biri olan Xudafərin körpüsünə gəldilər, onun önündə şəkil çəkdirdilər. Beləcə, ordusunun gücü ilə azad etdiyi ərazilərə dövlət başçısının, Ali Baş Komandanın səfərləri mütəmadi xarakter aldı: "Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik", - deyən ölkə başçısı hər səfərində hansısa obyektin təməlini qoydu, müvafiq göstərişlər verdi, o bölgələri bərpa etmək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımların atılmasını təmin etdi. Qısa zamanda Şuşaya yol çəkildi, Prezident onu "Zəfər yolu" adlandırdı. "Ağıllı kənd" layihələrinə start verildi. O yerlərə işıq, su gətirildi. Həkəri çayı üzərində 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyası Qarabağı və ətraf rayonları enerji ilə təmin etmək gücündədir. Onun ardınca "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının işə salınması planlaşdırılır. Bütün bunlar isə Qarabağı dirçəltmək üçün edilir...

İndi bu işlər daha intensiv şəkil alıb. Tikilən su elektrik stansiyaları, beynəlxalq hava limanları, aqroparklar, səhiyyə, təhsil, sənaye, istehsal müəssisələri Qarabağa, Şərqi Zəngəzura yeni ab-hava gətirir. Salınan tunellər, çəkilən yollar o yerlərin xoş gələcəyindən xəbər verir.

Əlbəttə, o torpaqların məhsuldarlığı da nəzərə alınır, tarixən mövcud olan kənd təsərrüfatı, heyvandarlıq kimi sahələrin inkişafı da prioritetdir. Aqrar sahə inkişaf etdirilir, qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi istiqamətində işlər görülür. Bunlar isə ölkə iqtisadiyyatına böyük fayda gətirəcək.

Təbii ki, o zonadakı mineral su mənbələrinin çoxluğu da diqqət çəkir. Elə ölkəmizin mineral su ehtiyatlarının da 40 faizə qədəri Şuşa, Kəlbəcər və Laçın rayonlarının payına düşür. Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 20-dək müxtəlif tərkibli mineral su yataqları var. Turşsu, İstisu, Bağırsaq, İlıqsu, Minkənd sularının müalicəvi əhəmiyyəti böyükdür. Onlar da yavaş-yavaş bərpa olunur.

Bu gün o torpaqlara üz tutan köç karvanları bölgənin işıqlı sabahından xəbər verir. Qarabağın dirçəliş dastanının xoşbəxt sonluğuna az qalır...

Zümrüd QURBANQIZI,

"Respublika".