Böyük qələbələrə doğru
Sosial həyat

Böyük qələbələrə doğru

İnsan  öz həyatında  kövrək addımlarla açdığı cığırları zaman keçdikcə ucsuz-bucaqsız məsafələri bir-birinə bağlayan yollara çevirir. Gənclik illərində verdiyi qərarlar insanın  gələcək həyatını formalaşdırır, ona hansı istiqamətə getməli olduğunu göstərir.  Önəmli olan isə  addımları doğru atmaq, hədəfi düzgün seçməkdir. Təhsil  ilə bağlı ən mühüm qərarlar da gənclik illərində verilir: ali təhsil almaq, peşə seçimi etmək və digər gələcək hədəflər... 

Gənclik həm də böyük ümidlər, arzular dövrüdür. Bu, həyatın elə bir çağıdır ki, arzulanan, sınaqdan keçirilən istənilən sahədə nailiyyətlər əldə edilir, innovativ ideyalar yaranır. Özünü idman sahəsində sınayan Budaq Cəbrayılov da  gənc idmançı kimi bu sahədə kifayət qədər uğur qazanıb.

Orta təhsilini Bakının Yasamal rayonundakı 286 saylı məktəbdə alan Budaq Cəbrayılov yüksək nizam-intizamı, istedadı ilə müəllimlərinin sevimlisinə çevrilib. O, məktəb illərində fizika fənninə daha çox maraq göstərib, bu fənn üzrə respublikada keçirilən bilik yarışlarında, olimpiadalarda fəal  iştirak edərək dəfələrlə 1-ci, 2-ci yerlərə layiq görülüb, fəxri fərmanlar, diplomlarla təltif olunub. Orta məktəbi bitirdikdən sonra gələcək həyat yolunu müəyyənləşdirərkən isə  müəllimlərinin, valideynlərinin  düşündüyü kimi, elm yolunu deyil, özünü inkişaf etdirə biləcək, nailiyyətlər qazanacaq fərqli bir sahəni - hələ  kiçik yaşlarından həvəs göstərdiyi, orta məktəbdə oxuyarkən də sıx məşğul olduğu idman sahəsini seçib.

Orta məktəbi bitirdikdən sonra bir müddət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon mühafizə idarəsində çalışıb, işlədiyi müddətdə iş yoldaşlarına qarşı səmimi münasibəti, yüksək nizam-intizamı ilə kollektivin hörmətini qazanıb. İstər ailədə, istərsə də təhsil aldığı müəssisədə vətənpərvərlik ruhunda tərbiyə alan Budaq  Vətənə olan borcunu yerinə yetirməyi hər şeydən üstün tutaraq 2021-ci ildə hərbi xidmətə yollanıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 194 saylı  hərbi hissəsinin stasionar rabitə qovşağının radiorabitə bölməsində manqa komandiri  vəzifəsində xidmət edən Budaq Cəbrayılovun bacarıqlı və işgüzar bir əsgər kimi hərbi hissənin ictimai-siyasi həyatında  fəal iştirakı  yüksək qiymətləndirilib.

Həmçinin komandirlərinin, əsgər yoldaşlarının  hörmətini qazanan, yüksək nizam-intizamlı əsgər kimi ailəsinə  təşəkkür məktubları da göndərilib. Əsgəri xidmətini layiqincə başa vurduqdan sonra  yenidən əmək fəaliyyətini davam etdirib.

Hələ 2015-ci ildən idmanla məşğul olan Budaq Cəbrayılov qısa müddət ərzində bu sahədə böyük uğurlara imza atıb.

Budaq Cəbrayılov həmçinin Beynəlxalq Kyokuşin-kan Karate Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən 6 KYU sarı kəmər, Hap Ki Do üzrə Bakı çempionatında  uğurlu iştirakına görə Bakı Şəhər Gənclər və İdman  Baş İdarəsi  tərəfindən diplomla təltif olunub. 2018-ci ildə  Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzi klublararası açıq respublika kubokunda, 2019-cu ildə "Ali Fight Club"un açıq birinciliyində, Hap Ki Do idman növü üzrə klublararası açıq turnirlərdə birinci yer tutaraq ölkəmizin idman tarixində uğurlu  səhifələr açıb. Qarışıq döyüş növləri dünya universal kombat döyüş  Assosiasiyasının birinci qara kəmər sahibi olan Budaq Cəbrayılov  stenka, full kempo qarışıq döyüş, kinqboks, hapkido idman növləri üzrə beşqat Avrasiya çempionudur. Eyni zamanda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Bakı çempionatının hapkido, kinqboks idman növü üzrə altıqat Bakı şəhəri çempionu adına  layiq görülüb.

Azərbaycan Hap Ki Do Federasiyasının milli yığmasının üzvü seçilən Budaq Cəbrayılovun qazandığı müvəffəqiyyətlər dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycanın idman tarixini zənginləşdirir.  Ölkə başçısı İlham Əliyevin idman sahəsini daxili siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirməsi, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı idmançılarımızı daha inamlı qələbələrə səsləyir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməyə ruhlandırır. Budaq Cəbrayılov da üçrəngli bayrağımızı zirvələrə qaldırmağı, əzəmətli himnimizi səsləndirməyi özünün mənəvi borcu bilir. Bizim də  gənc idmançımıza  bir arzumuz var: daim zirvələrdə ol, Budaq!..

Mehparə ƏLİYEVA,

"Respublika".