Böyük Qayıdış çərçivəsində indiyədək 934 nəfər doğma yurdlarına köçürülüb
Sosial həyat

Böyük Qayıdış çərçivəsində indiyədək 934 nəfər doğma yurdlarına köçürülüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında irimiqyaslı layihələr həyata keçirilir, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın keçmiş qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğısı onlarda dərin razılıq və minnətdarlıq hissi doğurur. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.

Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrinə köçürülmənin təşkili, bununla bağlı aparılan monitorinq tədbirlərinin mövcud vəziyyəti, Böyük Qayıdışla bağlı aparılan təbliğat-təşviqat işinin əsas istiqamətləri, komitənin balansındakı yaşayış fondunun payız-qış mövsümünə hazırlığı və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Ülvi QARAYEV,

“Respublika”.