İnsan kapitalı gələcəyin təminatıdır
Sosial həyat

İnsan kapitalı gələcəyin təminatıdır

Dövlət başçısının bu konseptual müddəası yeni sənaye inqilabından bəhrələnməyə zəmin yaradır

Dördüncü sənaye inqilabı... Son dövrdə tez-tez işlədilən bu ifadə öz-özlüyündə çox şeydən xəbər verir. Yəni yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara, ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafından söhbət gedir. Hazırda bir sıra beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində dövlətimizlə yaxından əməkdaşlıq edirlər.

Dördüncü sənaye inqilabı insanı cəmiyyət həyatının demək olar ki, bütün sahələrində önəmli çağırışlarla üz-üzə qoyur. Bu gün insan-insan, insan-hökumət, insan-təbiət münasibətlərinin hər biri üzrə bu inqilabın doğurduğu çağırışları görməmək mümkün deyil. Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidik. Bunlar ölkənin özündə formalaşmalı, həmin ölkənin fiziki infrastrukturu, insan kapitalı və institusional infrastrukturu buna imkan verməlidir. Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyətdir. Dördüncü sənaye inqilabının ölkədə kök salması üçün daha bir neçə amil bir araya gəlməlidir. Qarabağın qarşıdakı illərdə bərpası və yenidən qurulması prosesi də bizim üçün bu baxımdan böyük bir fürsətdir. Bu, dördüncü sənaye inqilabının nailiyyətlərini tətbiq etmək baxımından sınaq imkanı yaradır. Prezident İlham Əliyev hələ 2020-ci il iyulun 27-də Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib: "Dördüncü sənaye inqilabının mövcudluğu, həm də dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Bu baxımdan rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lüzumsuz edir". Dövlət başçısı daha sonra diqqətə çatdırıb ki, artıq bu peşələrin siyahısı var. Bu peşələr aradan qalxıb və olmayacaq. Ona görə buna da daim fikir verilməlidir. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq bu gün olmayan yeni peşələr ortaya çıxacaq. 

Üzləşdiyimiz dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır. Hazırda aparılan islahatlar imkan verir ki, Azərbaycan texnoloji və innovativ cəhətdən daha da inkişaf etsin. Reallıqlar da onu göstərir ki, Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə dördüncü sənaye inqilabından bəhrələnə bilər. Unutmamalıyıq ki, dünyada təzyiqlərin artdığı bir şəraitdə dövlətimizin milli və iqtisadi təhlükəsizliyinin təmin olunması bu prosesdə əsas strateji hədəfdir və biz bunu hər zaman diqqətdə saxlamalıyıq.

Məşhur alimlərdən biri deyib ki, istənilən cəmiyyətin taleyi ilk növbədə onun üzvlərinin xüsusiyyətlərindən asılıdır, istedadlı və yüksək təhsilli, iradəli şəxslərdən ibarət cəmiyyət mütləq daha mükəmməl ümumi yaşayış formaları yaradacaq və inkişaf edəcək. Hazırda belə bir tendensiya yaranıb ki, qlobal bazar mütəhərrik olduğundan kapital daha çox gəlir gətirə biləcəyi ölkələri axtarır. Buna görə də yüksəkkeyfiyyətli işçi qüvvəsinə malik ölkələr resursları cəlb edir və daha sürətlə inkişaf edir. Yəni bir yerdə nə qədər çox istedad toplanarsa, onlardan hər birinin məhsuldarlığı və bunun sayəsində ölkənin rəqabət qabiliyyəti bir o qədər yüksək olar.

Dövlət başçısının uzaqgörənliklə söylədiyi: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" kimi konseptual müddəanın əsasında da qeyd etdiyimiz yanaşma dayanır.

Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planı hazırlanıb təsdiq edilib. Tədbirlər planına uyğun olaraq "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirilib. Avropa Komissiyası, Avropa Şurası və UNESCO-nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış diploma əlavənin (Diploma Supplement) modeli əsasında ali təhsil haqqında diploma əlavənin nümunəsi hazırlanıb və s.

Məhz bütün bunlar yaşadığımız dövrün tələbinə uyğun olaraq məzmun etibarilə keyfiyyətli inkişaf və dəyişiklik yolunu tutan Azərbaycanda ölkənin gələcək inkişaf modelinin və insan kapitalının formalaşmasına xidmət edir...

Zümrüd QURBANQIZI,

"Respublika".